BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərməyəcək

Siyasət


Ermənistanın Laçın yolunun guya bağlanması və Qarabağda məskunlaşan ermənilərin guya blokadada saxlanması ilə bağlı bütün cəhdləri mənasız hay-küydən başqa bir şey deyil. Hələ bu azmış kimi, indiyə qədər həyata keçirdikləri bütün cinayətləri, terrorları, soyqırımlarını və kütləvi qətlləri görməzdən gələrək Laçın yolu ilə bağlı özlərinin yaratdıqları boş xülyaları beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırlar. Öz himayədarlarına arxalanan Ermənistan artıq bu istiqamətdə fəaliyyətə başlayıb.

“Report” xatırladır ki, əvvəla, Laçın yolu Azərbaycanın suveren ərazisidir və bu yolla bağlı istənilən qərarların verilməsi dövlətimizin konstitusion hüququdur. Bu yolla bağlı vəziyyət hər kəsə aydındır. Bunu ən azından özünü ermənilərin havadarı kimi aparan Beynəlxalq Qırmızı Xaç Komitəsindən də öyrənmək olar. Çünki bu təşkilatın avtomobilləri mütəmadi olaraq Laçın yolu vasitəsilə Qarabağdan Ermənistana, Ermənistandan da Qarabağa erməniləri daşıyırlar.

Ermənistanın bu kimi cəhdləri hər zaman fiaskoya uğrayıb. Hələ daha əvvəl, ötən ilin dekabr ayında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası ilə bağlı BMT TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından, Fransanın irəli sürdüyü bəyanat layihəsi razılaşdırılmayıb.

Bundan əvvəllər isə Beynəlxalq Ədalət Məhkəməsi dəfələrlə Ermənistanın Azərbaycanla bağlı iddialarını rədd edib. Odur ki, ermənilərin budəfəki cəhdləri də iflasa uğrayacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan artıq üç ilə yaxındır ki, öz ərazilərini erməni işğalından azad edib, halbuki, hələ otuz il əvvəl erməni silahlılarının və işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT TŞ-nin dörd qətnaməsi var idi. Bu, sadəcə, BMT TŞ-nin qətnamələrini Azərbaycanın təkbaşına icra etməsi ilə bağlı qısa bir xatırlatmadır. BMT TŞ-nin qətnamələrinə uzun illər məhəl qoymayan Ermənistanın indi hansı üzlə bu təşkilata pənah aparması isə sadəcə, gülüş doğurur.

Bir daha qeyd edirik ki, Ermənistan hakimiyyəti BMT TŞ formasından sui-istifadə edərək Azərbaycan və azərbaycanlılara qarşı öz çirkin kampaniyalarını davam etdirməyə çalışır.

“Laçın” sərhəd-buraxılış məntəqəsində ölkəmizin ərazisinə daxil olan və ölkəmizin ərazisindən çıxan hər bir kəsin sənədlərinin yoxlanılması isə konstitusion hüququmuzdur. Məhz bu sərhəd-buraxılış məntəqəsinin hesabına ermənilərin Azərbaycan ərazilərinə silah-sursat, o cümlədən mina daşımalarının və suveren torpaqlarımızda qaçaqmalçılıqlarının qarşısı alınmış oldu.

Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini minalamaqla məşğul olub. Buna baxmayaraq, indiyə qədər doğru-düzgün mina xəritələrini verməyib və hər dəfə bu xəritələri verməkdən yayınıb. Bu azmış kimi, torpaqlar müharibədən sonra qeyri-qanuni yollarla Azərbaycan ərazilərinə keçən erməni diversantlar azad edilmiş ərazilərimizi yenidən minalamağa başlayıblar. Buna sübut kimi aşkar olunan minaların 2022-ci il istehsallı olmalarını göstərmək olar. Odur ki, Azərbaycan öz sərhədlərini möhkəmləndirməyə çalışdığı zaman məhz bu kimi təxribatların, potensial terror aktlarının qarşısını almağa nail olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan regionda və dünyada sülhün tərəfdarıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan müharibə və qan tökmək istəmir. Buna görə də artıq bir müddətdir ki, Ermənistanla sülh danışıqları davam edir.

Ümid edirik ki, BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribata yol verilməyəcək. Çünki Ermənistan və onun havadarları nəzərə almalıdırlar ki, nə Ermənistanın destruktiv əməlləri, nə də TŞ-də siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir edəcək. Azərbaycan regional problemlərin region ölkələri tərəfindən nizamlanmasına tərəfdardır. Hazırda Azərbaycanın İranla münasibətlərində də normallaşma hiss olunur və Bakının təşəbbüsü ilə irəli sürülmüş “3+3” formatı yenidən canlanır. Bu formatda yaxın vaxtlarda İranda görüşün keçirilməsi gözlənilir. TŞ-də qəbul edilə biləcək sənəd və ümumilikdə məsələni TŞ-yə çıxarmaq cəhdlərinin nə bölgədə sabitlik və əmin-amanlığa, nə sülhə, nə reinteqrasiya prosesinə müsbət təsiri olacaq. Bu, Azərbaycanın təşəbbüsü ilə başladılan sülh prosesində indiyə qədər əldə olunmuş bütün razılaşmaları sıfırlayacaq.

Qərb ölkələri belə addım atarsa, sülh danışıqlarına dair ABŞ formatı və Aİ-nin vasitəçiliyi ilə gedən proses dayandırılacaq. Bu gün Fransa regionda bütün nüfuzunu itirdiyi kimi, ABŞ də bölgədəki mövqelərini zəiflədəcək. Əgər Azərbaycana qarşı bu təxribatda Rusiya da iştirak etsə, bu ölkənin vasitəçiliyi ilə də danışıqlar əhəmiyyətini itirəcək. Bununla Azərbaycan ümumiyyətlə bu prosesi artıq hər hansı vasitəçilərlə müzakirə etməyəcək.

Bir sözlə, BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərməyəcək. Amma bu, indiyədək aparılan sülh təşəbbüslərinin sonu demək olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir