Aleksandr Sıtin: “Kimin nə danışmasından asılı olmayaraq, Rusiya Ermənistanı dəstəkləyəcək”

Siyasət

Qarabağda Rusiyaya məxsus “İskəndər M” raketlərinin hissələrinin tapıldığının (və bu Ermənistana satılan “E” ixrac versiyası deyil) məlum olmasından bir həftədən çox vaxt keçib. Ancaq Rusiya informasiya məkanında bu barədə demək olar ki, danışılmır. Digər tərəfdən, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri (hansı ki, nəticədə hökuməti hansı siyasi qüvvənin quracağı və müvafiq olaraq kimin baş nazir olacağı bilinəcək) fəal şəkildə müzakirə olunur.

Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, Şimali və Şərqi Avropanın Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Caliber.Az-a verdiyi müsahibədə Rusiyada “İskəndər M” qalıqlarının tapılması mövzusu barədə susulduğunu təsdiqləyib:

– Rusiyada bu barədə ümumiyyətlə heç nə danışılmır. Ancaq sizi təəccübləndirən nədir? Rusiyanın KTMT-yə üzv olan Ermənistanı dəstəklədiyini ilk dəfə eşidirsiniz? Keçən ilin payızında, müharibənin ilk günündən Rusiyanın bu və ya digər şəkildə İrəvanın tərəfində olacağı barədə danışmışdım, yazmışdım. Elə belə də oldu.

– Nişanından aydın olur ki, söhbət Rusiya ordusunun silahlanmasında olan raketlərdən gedir. Hər hansı beynəlxalq qalmaqal mümkündür?

– Vəziyyət birmənalı deyil. Güclü beynəlxalq reaksiya üçün səy göstərmək tələb olunur. Bir NATO üzvü və Azərbaycanın müttəfiqi olaraq Türkiyə də bu məsələdə kömək edə bilər, lakin Ankaranın Qərblə, ilk növbədə ABŞ ilə ciddi problemləri var. Rusiyada isə daha əvvəl də söylədiyim kimi, bu mövzu barədə susulur və belə də davam edəcək.

– Bu arada, Rusiya mediasında region məsələləri, xüsusən də Ermənistandakı seçkilər çox aktiv müzakirə olunur. Robert Koçaryan teleaparıcı Vladimir Poznerə müsahibə verib, Rusiya prezidenti Vladimir Putinlə söhbət edib, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri ilə görüşmək üçün Moskvaya yollanıb. Bütün bunlar əsasən Koçaryanın lehinə bir üstünlüklə yaxşı işıqlandırılır. Rusiyanın məhz ona ümid bəslədiyini söyləmək mümkündürmü?

– Mən hər zaman Moskvanın Nikol Paşinyanı daha loyal biri ilə əvəzləmək istədiyinə əmin olmuşam. Bu insan məhz Robert Koçaryan olacaq? Bilmirəm. Ancaq erməni siyasətçilər ruspərəstlik yarışında özlərini sınadılar. Bəlkə də Robert Koçaryan başqalarını qabaqlayaraq Kremlə müəyyən zəmanətlər verib.

– Ermənistanda Rusiyaya daha loyal biri hakimiyyətə gəlsə, Moskvanın hərbi dəstəyi daha da əhəmiyyətli olacaqmı?

– Əlbəttə. Ancaq hər vəziyyətdə, kimin nə danışmasından asılı olmayaraq, Rusiya Ermənistanı dəstəkləyəcək. Rusiyanın informasiya məkanında ermənilərin tutduğu mövqeləri nəzərə alsaq, başqa bir şey gözləmək qəribə olardı.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir