“Qubad İbadoğlu və Fazil Qasımov barəsində istintaq davam edir. Bilirik ki, Daxili İşlər Nazirliyindən mətbuata verilən xəbərdə onların FETÖ ilə bağlı həbsinin Türkiyə DİN-dən gələn məlumat əsasında həyata keçirildiyi qeyd olunub. Ümumiyyətlə, sosial və elmi dərəcəsindən asılı olmayaraq, hər hansı bir şəxsin ölkə əleyhinə, aparılan sosial-iqtisadi islahatlara qarşı hər hansı qrant müqabilində mövqe bildirməsi qəbuledilməzdir”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
O qeyd edib ki, bu gün Türkiyə ilə Azərbaycanın qardaşlığı, birliyi bütün sahələrdə özünü göstərir:
“Bu gün Türkiyənin ərazi bütövlüyünə, milli düşüncəsinə, iradəsinə qarşı hər hansı münasibətə Azərbaycan heç vaxt səssiz qala bilməz. Bəli, fikirlər var ki, adıçəkilən şəxslər fəaliyyətlərini Türkiyədə apara bilmədiklərinə görə, Azərbaycana gəldilər. Bu gün Türkiyənin bütün qurumları, o cümlədən xüsusi xidmət orqanları FETÖ-yə qarşı səfərbər olublar. Belə olan halda hər hansı anti-Türkiyə ideologiyanın və ya fəaliyyətin Azərbaycanda davam etdirilməsi nəinki mümkün deyil, hətta cəhd belə oluna bilməz. Çünki, Türkiyə bu gün FETÖ-yə qarşı mübarizəsini ən yüksək şəkildə davam etdirir. Belə olan halda Azərbaycana bu ideologiyanın köçürülməsi qətiyyən yolverilməzdir.
Bundan başqa, həmin şəxslər dəfələrlə sosial şəbəkələr üzərindən Azərbaycana qarşı qarayaxmalarla da çıxışlar ediblər. Heç şübhəsiz ki, anti-Azərbaycan mövqeyi ilə etdiyi çıxışlarına görə də, xarici təşkilatlardan qrantlar alıblar. Erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən bəzi təşkilatların əlində oyuncağa çevrilənlər daim ölkəmizə qarşı müəyyən kampaniyaların başında gəliblər. Onlara qrant ayıranların əslində narahat olduğu məqam Azərbaycanın son illərdə uğurlu siyasəti, iqtisadi nailiyyətləridir. Baxın, təkcə bu il ölkəmizdə bir neçə energetika, iqtisadi və digər sahələrlə bağlı mühüm görüşlər keçirildi. Strateji tərəfdaşlarımız artır. Bu, Azərbaycanın nəinki coğrafiyada, hətta dünyada böyük gücə çevrilməsi deməkdir. Azərbaycan Avropaya elektrik enerjisinin ötürülməsinə hazırlaşır, bu gün dünyada tendensiyaya çevrilən “yaşıl enerji” siyasətinin mərkəzində duran ölkələrdən biriyik. Bu kimi amillər Azərbaycana valyuta, sadə dillə desək, pul gətirən amillərdir. Bunlar həm də gələcəkdə əhalinin sosial vəziyyətinin yüksəlməsi, turizm imkanlarının genişlənməsi, ölkəyə investorların gəlişi deməkdir”.
Deputat vurğulayıb ki, Azərbaycan bu gün ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində inkişaf edib, beynəlxalq birliyin layiqli üzvünə çevrilib:
“Belə bir fonda anti-Azərbaycan mövqedə çıxışların edilməsi, erməni dəyirmanına su tökmək, erməni lobbisinin təsir dairəsində olan təşkilatlara donoslar ötürüb, qrantlar almaq, Türkiyənin bu gün də mübarizə apardığı FETÖ ilə bir səfdə mövqe tutmaq xəyanət deməkdir. Araşdırmalar daha da genişlənməlidir. Bilirik ki, FETÖ çox geniş və ölkənin gələcəyi üçün təhlükəli ideologiyaların daşıyıcısı olan təşkilatdır. Əminəm ki, hüquq-mühafizə orqanları hazırda da bu istiqamətdə əməliyyat tədbirlərini davam etdirirlər. Bu gün ölkəmizdə həm də kibertəhlükəsizlik siyasəti aparılmaqdadır. İndi dövr dəyişib. Cinayətkarlar, eləcə də təhlükəli təşkilatlar və onların əlaltılarının yeni texnologiyaların köməyi ilə ələ keçiriləcəyinə əminəm”.
Aysel Aslan
www.RIA24.az