“Ermənistanın saxta humanitar şousunu müzakirəyə çıxarmaqla BMT Təhlükəsizlik Şurası (TŞ) da göstərdi ki, bu struktur artıq bəşəri dəyərlər adına səmərəli platforma deyil”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, postmünaqişə dövründə Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurasında üçüncü dəfə fiaskoya məruz qaldı:
“Havadarlarının dəstəyi və Azərbaycan əleyhinə qətnamə ümidi ilə humanitar böhran şousunu BMT Təhlükəsizlik Şurasının iclasına daşıya bilsə də, situasiya İrəvanın əleyhinə işlədi. İlk növbədə, Prezident İlham Əliyevin beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslanan direktivlərini rəhbər tutan Azərbaycan nümayəndəsinin tezisləri BMT TŞ üzvlərini fakt qarşısında qoydu”.
Deputat xatırladıb ki, daimi və qeyri-daimi üzvlər ya BMT Nizamnaməsinin məqsədləri, prinsipləri, o cümlədən sənədin ikinci maddəsinin dördüncü bəndində ehtiva olunan, habelə beynəlxalq hüququn ümumtanınmış prinsipləri kimi təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini, o cümlədən dövlətlərin suverenliyi anlayışını görməzdən gələrək İrəvanın iddialarını müdafiə etməli, ya da hüququn aliliyini rəhbər tutmalı idilər:
“Düzdür, Fransa, habelə Parisin orbitində olan Malta və İsveçrə nümayəndələri məsələni kontekstdən çıxararaq imitasiyalara cəhd etdilər, lakin yekunda BMT Təhlükəsizlik Şurasının iclasından hədəflənən nəticə hasil edilmədi. İclas heç bir sənəd və ya qərar qəbul edilmədən başa çatsa da, iclası nəticəsiz hesab etmək olmaz. İlk növbədə, prosesin gedişatının özü Azərbaycan diplomatiyasının böyük uğuru, Ermənistanın isə növbəti dəfə ifşası kimi tarixə düşdü. Daha doğrusu, İrəvan nə qədər riyakar və ikiüzlü olduğunu dünyaya göstərdi. Çünki 30 il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini görməzdən gələn, sənədləri icra etməkdən açıq formada imtina etməklə, Təhlükəsizlik Şurasını heçə sayan bir dövlətin BMT Təhlükəsizlik Şurasından mədət ummasının riyakarlıqdan başqa adı ola bilməz”.
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Təhlükəsizlik Şurasının iclasına “artsaxlı” uşaqların fotoları ilə qatılması, yalnız Xocalıda 63 uşağı işgəncə ilə öldürən, münaqişə dövründə döyüş bölgəsindən uzaqda yerləşən yaşayış evlərini birbaşa hədəfə almaqla 20-yə yaxın azyaşlı və körpənin məhvinə səbəb olan bir dövlətin bu gün uşaq hüquqlarından danışması, uşaqların kölgəsinə sığınması ləyaqətsiz davranış və uşaq istismarıdır”, – Milli Məclisin üzvü bildirib.
B.Məhərrəmov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri Azərbaycanı qane etsə də, bütövlükdə prosesin özü BMT-nin öz məqsəd və prinsiplərinə zidd formada siyasi manipulyasiyaların alətinə çevrildiyini və cənab İlham Əliyevin bəyan etdiyi kimi təşkilatda islahatların labüdlüyünü bir daha gündəmə gətirdi:
“Əgər dövlətlərin ərazi bütövlüyü və suverenliyini təhdid edən, separatizm meyllərinə dəstək verməklə regionda sülh və sabitliyə açıq formada əngələ çevrilən saxta iddialar dünyanın bir nömrəli masasında müzakirə mövzusuna çevrilirsə, bu, o deməkdir ki, həmin masa artıq özünün fövqəl əhəmiyyətini itirib”.
www.RIA24.az