“BMT-dəki nəticə göstərdi ki, bütün beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir” – ŞƏRH + FOTO

Siyasət


“Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına ermənilər tərəfindən edilən müraciətin tam iflasa uğraması beynəlxalq hüququn məhz Azərbaycanın tərəfində olduğunu təsdiqlədi”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O qeyd edib ki, bütün dünya ermənilərin iddialarının ancaq siyasi oyunlar olduğunu başa düşdü:

“Bu addımların əsas məramı, məqsədi danışıqların uzadılması, sülh müqaviləsinin ləngidilməsi, erməni diaspor təşkilatlarından, lobbi siyasətini həyata keçirən qurumlardan istifadə edərək, “humanitar təhlükə” adı ilə şou göstərməkdir. Amma Azərbaycan suveren dövlətdir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən Qarabağ da daxil olmaqla onun ərazi bütövlüyü tanınır və Azərbaycanın Laçın yolunda qurduğu nəzarət buraxılış məntəqəsi legitimdir. Alternativ olaraq Ağdam yolu da humanitar məqsədlə ermənilər tərəfindən istifadə edilə bilər.

Diqqətçəkən məqamlardan biri də budur ki, müzakirələrdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlərindən heç biri hansısa blokada sözünü, soyqırımı ifadəsini dilinə gətirmədi. Eyni zamanda heç kim bizim nəzarət buraxılış məntəqəsinin legitimliyinə şübhə ilə yanaşmadı. Qarabağdakı erməniləri yerli əhali kimi göstərərək bildirdilər ki, onlara humanitar yardımın edilməsi məhz Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Yəni Ermənistanın müraciəti havadarları tərəfindən dəstəklənsə də, heç bir fakta söykənmədiyi üçün BMT tərəfindən qəbul olunmadı”.

Arzu Nağıyevin fikrincə, Ermənistan iqtidarı belə əməllərlə öz vətəndaşlarına göstərmək istəyir ki, bu istiqamətdə bütün işləri görüb, lakin nəticə əldə edə bilməyib:

“Qeyd etmək lazımdır ki, bizə Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin məhz çıxışları bir daha göstərdi ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət əhəmiyyətlidir. Burada Çin, Rusiya, ABŞ və Qoşulmama Hərəkatının üzvləri olan bir sıra dövlətlərlə qurulan münasibətləri xüsusi vurğulamaq olar. Diplomatlar BMT-dəki həmkarlarına bir daha göstərdilər ki, Azərbaycan müstəqil dövlətdir, Xankəndi-Ağdam yolu açıqdır.

Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın daimi nümayəndəsi olan Yaşar Əliyevin çox ciddi faktlara söykənən mənalı çıxışı bir daha təqdirəlayiq qiymətləndirilməlidir. Nəticə budur ki, əgər Xankəndiyə humanitar yardıma ehtiyac varsa, o zaman Azərbaycanın təklif etdiyi yol seçilməlidir”.

Deputatın sözlərinə görə, BMT-də gedən müzakirələr bir daha göstərdi ki, Azərbaycan xarici və daxili siyasətdə düzgün mövqedədir:

“Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan ərazisində öz vətəndaşları ilə problemləri həll edə biləcək dövlətdir. “Laçın” buraxılış məntəqəsinin fəaliyyəti legitimdir və birmənalı şəkildə bu, Azərbaycanın, daxili və xarici siyasətdə ən mühüm qələbələrindən biridir. Nəticə də göstərdi ki, bütün beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir”.

Qeyd edək ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları puç olub.

Aysel Aslan  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir