“Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib. Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalıb”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət və diplomatiya Ermənistanı artıq əsl üzünü dünya ictimaiyyətinə nümayiş etdirməyə vadar edib:
“Azərbaycan 2020-ci ildə, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir, eyni zamanda regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir.
Son üç ildə xarici diplomatiyamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış işlər, ölkə başçısının Brüssel və Moskva formatında görüşləri, Azərbaycan-Ermənistan XİN rəhbərləri arasında Vaşinqton formatında keçirilən görüşlər nəticə etibarı ilə bizim haqlı tərəf olduğumuzu, ərazi bütövlüyü və suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəkləndiyini ortaya qoydu.
Cəbhədə əldə edilmiş uğurlardan sonra Azərbaycanın ardıcıl diplomatik qələbələri Ermənistanın artıq əsl üzünü dünya ictimaiyyətinə nümayiş etdirməyə vadar etdi.
Ermənistanın özünü aldatmaq, sülh prosesinə zərbə vurmaq və vaxt qazanmaq üçün əl atdığı hiylələrdən biri də ötən günlərdə ifşa olundu. Belə ki, 16 avqust tarixində ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın təşəbbüsü ilə Azərbaycanın öz suveren ərazisində, Qarabağda guya hər-hansı “humanitar böhran” vəziyyətinin mövcud olduğu ilə bağlı çağırılan təcili iclası bir daha göstərdi ki, Azərbaycan məhz BMT TŞ-nin 4 qətnaməsini rəhbər tutaraq və təkbaşına icra edərək regionda tamamilə yeni reallıqlar yaradıb. Həmin iclasda Azərbaycan tərəfi nümayiş etdirdi ki, proseslər yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə yekunlaşa bilər”.
Deputat əlavə edib ki, BMT TŞ-də təşkil olunmuş “tamaşa”da Azərbaycan haqlı olduğunu bir daha dünyaya göstərdi:
“Sevindirici haldır ki, illərdir Azərbaycana qarşı yönəlmiş ikili standartlara, riyakarlıqlara baxmayaraq, dünya birliyi hələ də ədalət prinsipinin nə olduğunu unutmayıb. Təşkil olunmuş “tamaşanın” nəticəsində Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi, Qarabağda məskunlaşmış ermənilərə çağırış etdi ki, onlar nəinki Azərbaycanın qanunları çərçivəsində həyatlarını davam etdirməyə hazır olmalı, eyni zamanda bu istiqamətdə artıq konkret addımlar atmalıdırlar.
Əminliklə deyə bilərik ki, sülhün əldə olunması üçün Ermənistanın artıq bir bəhanəsi qalmayıb, hal-hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilər onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamalı, sülh müqaviləsinin imzalanması üçün tezliklə hərəkətə keçməlidirlər”.
www.RIA24.az