“Qafanda doğulduğum, orada böyüdüyüm üçün doğma torpağımı yaxşı tanıyıram. Görüklərim də, tarixi faktlar da göstərir ki, Qafan indiki Ermənistan ərazisi olan Qərbi Zəngəzurun baş kəndidir, paytaxtıdır və qədim Oğuz – Azərbaycan yurdudur. Qafandakı aeroport Sovet İttifaqı dövründə mövcud idi, oradan müxtəlif uçuşlar həyata keçirilirdi. Daha sonra Ermənistanın Azərbaycana təcavüzü baş verdi və proseslər uçuşların uzun müddət dayandırılmasına gətirib çıxardı. Qətiyyətlə inanıram ki, Azərbaycan dövləti, müvafiq qurumlarımız, təhlükəsizlik qüvvələrimiz sərhədlərimizin qorunması, törədilə biləcək təxribatların qarşısını dərhal və anında alacaq. Biz düşmənə layiqli cavab verib, yerində oturda biləcək qabiliyyətə və gücə sahibik”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən deyib. O bildirib ki, Ermənistan baş nazirinin Qafan hava limanından uçuşların aparılacağını elan etməsi mövcud sülh danışıqlarını ciddi mənada zədələməkdən başqa bir şey deyil:
“Yaddan çıxartmamaq lazımdır ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları, delimitasiya və demarkasiya ilə bağlı proseslər getməkdədir. Həmçinin, Azərbaycan Respublikasının Zəngilan rayonuna daxil olan Ağkənd kəndi bilavasitə Qafan aeroportunun düz yanında yerləşir. Ona görə, inanıram ki, əgər Azərbaycan dövlətinin sərhədlərinə müdaxilə kimi hər hansı bir akt baş verəcəksə, dövlətimiz lazımi cavab tədbirləri həyata keçirib, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində bu məsələlərin qarşısını alacaq. Sadəcə bir daha bəyan etmək və vurğulamaq istəyirəm ki, həm Qərbi Azərbaycan İcmasının sədr müavini olaraq, həm də Qafanda doğulub, boya-başa çatmış Qərbi azərbaycanlı olaraq bunu provokasiyadan başqa bir şey hesab etmirəm”.
Ramil Həsənin fikrincə, dövlət sərhədinin onlarla metrliyində təyyarə qaldırmaq və endirmək istər-istəməz Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün təhdiddir. Bu, fəsadların ortaya çıxmasına səbəb olacaq, dövlətimizi lazımi tədbirlər görməyə məcbur edəcək:
“Nəticədə, Ermənistan tərəfi bundan yenə Azərbaycana qara yaxmaq üçün istifadə edə bilər. Bir neçə gün öncə Birləşmir Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə də Ermənistanın əsl niyyətini bir daha görmüş olduq.
Azərbaycanın xarici siyasətində qazandığı uğurlar ermənilərin qurduğu oyunların hamısını tarmar etdi, fiaskoya uğratdı. Əminəm ki, yenə də ermənilərin başlatmış olduqları Qafan aeroportu məsələsi də heç bir nəticə vermədən bağlanacaq. Çünki münasibətlərin normallaşması ilə bağlı növbəti mərhələyə qədəm qoymadan, sərhədlərin dibində yerləşən aeroportların dəmir yolu stansiyalarının hərəkət etməsi münasibətlərə ciddi zərər verəcək. Ona görə, Ermənistan tərəfi bu məsələni bir daha dəqiq və dərindən düşünməli, qərar verməlidir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan nə istəyir? Əgər Azərbaycanla sülh və dialoq istəyirsə, öncə provokativ oyunlarını bir kənara qoymalı, Azərbaycanla masaya oturub, qısa müddətdə sülh müqaviləsi imzalamalıdır. Sərhədlərimizlə bağlı olan delimitasiya, demarkasiya prosesləri yekunlaşmalı, kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin reallaşdırılması, digər bütün irimiqyaslı layihələrin həyata keçirilməsi üçün qarşılıqlı addımlar atılmalıdır”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamasına əsasən, gələn həftə İrəvandan Azərbaycanla həmsərhəd Qafan şəhərinə müntəzəm uçuşlar başlayacaq.
Aysel Aslan
www.RIA24.az