İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahı önündə Ermənistanın beynəlxalq ictimaiyyəti siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə dinc aksiya keçirib.
“Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirovun təşkilatçılığı ilə baş tutan aksiya Millətlər Meydanında (məşhur “Sınıq stul” meydanı) gerçəkləşdirilib.
Aksiya iştirakçıları BMT-ni Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitinin qorunması, Ermənistanın ekosidinə son qoyulması, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin təmin olunması və insan hüquqlarının qorunması istiqamətində əməli fəaliyyətə keçməyə çağırıblar.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərbi və ekoloji cinayətləri barədə məlumat verilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatı üçün böyük təhlükəyə çevrildiyi, 2020-ci il müharibəsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı vurğulanıb.
Üstəlik, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil etdiyi, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı vurğulanıb.
www.RIA24.az