“Məşhur Azərbaycan filmi “Axırıncı aşırım”da Qəmlonun Kərbəlayiyə dediyi “Abbasqulu bəyin nazı ilə çox oynayırıq” replikası indiki məqamda ermənilərlə bağlı işlədilə bilər. Mənə elə gəlir ki, Azərbaycan da Qarabağdakı cinayətkarların, terrorçuların, separatçıların, işğalçıların nazı ilə daha artıq oyanamamalıdır. Konkret vaxt qoyulmalı, Azərbaycan qanunlarını qəbul etmək, dinc yaşamaq istəməyən şəxslər torpaqlarımızı tərk etməlidirlər”.
Bu fikirləri Oxu.Az-a Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan ermənilərin Xankəndini tərk etməsi haqqında danışarkən Milli Məclisin deputatı Elman Məmmədov deyib. O qeyd edib ki, Azərbaycan qanunları bütün ölkə ərazisində tətbiq edilməlidir:
“Qanunlarımıza əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində müəyyən müddət qalıb, yaşaya bilər. Bu qanun ermənilərə də, erməniəsilli Rusiya vətəndaşlarına da tətbiq olunmalıdır. Rusiya pasportu daşıyan həmin şəxslər qanunsuz şəkildə ərazilərimizdə yaşayırlar. Qarabağ Azərbaycan ərazisidir, orada yaşayan ermənilər Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etmirlərsə, əcnəbi sayılırlar. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisində daimi qala bilməzlər. Bunun müvafiq cəzaları, hüquqi tərəfləri mövcuddur.
Bizim ərazilərimizdə Ermənistan dövlətinə məxsus qanunsuz silahlı birləşmələrin üzvləri, separatçılar da var. Onlar haqqında isə birmənalı olaraq, antiterror əməliyyatına ehtiyac var. Separatçılar, terrorçular ərazimizdən çıxmaq istəmirlərsə, məhv edilməlidirlər. Azərbaycan müstəqil, suveren dövlətdir, amma ərazisində 30 ildən çoxdur, kök salmış separatçı qurum hələ də fəaliyyət göstərir. Heç bir dövlət bunu qəbul etməz, mövcud duruma dözməz. Ona görə, Azərbaycan öz ərazilərində əməliyyat keçirib, separatçılardan təmizləmə apararkən heç bir dövlətdən, heç bir beynəlxalq qurumdan icazə almalı deyil. Ərazilərimiz separatçılardan, işğalçılardan tamamilə təmizlənmədiyi halda, daim gərginlik, müharibə təhlükəsi, təxribatlar davam edəcək və getdikcə daha şiddətli hal alacaq. Bu da bizim dövlətimizə və xalqımıza qarşı təhlükədir”.
Qeyd edək ki, Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Aysel Aslan
www.RIA24.az