Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərli xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq mətbuat və ictimaiyyət qarşısında Qarabağdakı erməniəsilli vətəndaşların Azərbaycan dövlətinin konstitusion qanunlarına tabe olmasının vacibliyini bəyan edib:
“Bilirik ki, Qarabağ münaqişəsini daim aktiv saxlamağa maraqlı dövlətlər var. Lakin Azərbaycan bu münaqişəni tarixə çevirdi, artıq Qarabağa doğma sakinlərinin qayıdışı təmin olunur. Orada qalan kiçik bir qisim isə özünü Azərbaycan vətəndaşı kimi hiss etmirsə, bundan narahatdırsa, hansı dövlətin vətəndaşlığını qəbul etmək qərarındadırsa, həmin ölkəyə də köçə bilər. Dövlətimizin kimsəni məcburi şəkildə Qarabağda saxlamaq niyyəti yoxdur.
Nəticədə, Qarabağdakı ermənilər Rusiya və ya qeyri bir dövlətin pasportunu daşıyırlarsa, deməli, oraya da köçəcəklər. Bundan da təbii heç nə yoxdur. Çünki Qarabağ beynəlxalq sənədlərdə Azərbaycan torpağı kimi təsdiqini tapıb. Necə ki, hər hansı bir şəxs mənsub olduğu vətəndaşlıqdan imtina edib, başqa bir ölkənin vətəndaşlığına keçir, həmin ölkəyə də köçüb məskən salır, yaşayır, eynisini də ermənilər edəcəklər. Bu, bizim üçün qeyd-şərtsiz qəbul olunan haldır. Əgər bu gün Qarabağda yaşayanlar Azərbaycan pasportundan imtina edirlərsə, deməli, elə Qarabağdan da imtina edirlər. Ümid edirəm ki, vətəndaşı olduğu dövlət onları qəbul edib, himayə edəcək və ölkəsində yaşamaları üçün şərait yaradacaq.
İstənilən halda, regiondakı yaxın keçmiş hər birimizə məlumdur. Azərbaycan imkan vermədi ki, hər hansı bir ölkə onu özündən asılı vəziyyətə salsın. Bu gün Ermənistan özü öz xalqını birbaşa başqa ölkələrin əlaltısına çevirib. Hazırda Ermənistan da bilir ki, gələcəkdə onun Qarabağa heç bir iddiası ola bilməyəcək”.
Aysel Aslan
www.RIA24.az