“Son zamanlar Qarabağdakı ermənilərin köçü ilə bağlı videogörüntülər paylaşılmaqdadır. Görüntülərdən aydın görünür ki, əksəriyyəti bölgəni birdəfəlik tərk edir. Xatırlayırsınızsa, 10 Noyabr razılaşmasından sonra ərazidə qalan ermənilər müxtəlif yerli və xarici mediaya açıqlamalarında əllərində silahla çıxışlar edirdilər ki, onlar sonacan ərazidə qalacaqlar. Yəni Azərbaycan ərazisində həmin insanlar terrorçuluq edəcəkdilər”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan ermənilərin Xankəndini tərk etməsi haqqında danışarkən Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O vurğulayıb ki, Ermənistan və havadarlarının Qarabağdakı bu planları baş tutmadı:
“Maraqlıdır ki, həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlarıdır və onlar bölgədə separatizmi alovlandırmağa çalışan və ona dəstək verən şəxslərdir. Köçdən belə başa düşmək olar ki, onların arxalarındakı güc başa düşdü ki, artıq bölgədə “Donbas”, “Dnestryanı” kimi ssenarilər baş tutmadı və tutmayacaq. Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı açıq-aşkardır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərə Azərbaycan qanunları ilə yaşamaq üçün təkliflər verib. Rəsmi Bakı hər zaman yerli ermənilərin qanun çərçivəsində yaşamağına dəstək verib. Xüsusilə vurğulayaq ki, Qarabağdakı “rus icması” daim Xankəndidəki separatçılarla əlaqəli olub və bölgədəki separatizmi dəstəkləyib. Bəzən Rusiya vətəndaşlığı ilə bağlı pasportların paylanılması şayiələri də yayılırdı. Köçdən o da anlaşılır ki, Azərbaycanda “russkiy mir” (“rus dünyası”) iddiası da baş tutmadı”.
Aydın Hüseynov vurğulayıb ki, Rusiya sülhməramlıları 10 Noyabr razılaşmasına əsasən, bölgədən erməni silahlılarının çıxarılmasını yerinə yetirməli idilər:
“Lakin bu baş tutmadı. Üstəlik, sülhməramlılar Qarabağa Ermənistandan hərbi təyinatlı məhsulların və hərbi texnikaların daşınmasına nəinki göz yumur, hətta köməklik edirlər desək, yanılmarıq.
Dəfələrlə sülhməramlıların Qarabağa erməniləri gətirdiklərini, Qarabağdakı ermənilərə ərzaqların paylanılmasını, yardım kampaniyası adı altında müxtəlif fəaliyyətlərini gördük. Lakin bunların heç biri onların missiyalarına aid deyil. Noyabr razılaşmasından sonra bölgədəki ermənilər bir il müddətinə ərazidən çıxarılmalı idi, amma bu da baş vermədi.
Köç məsələsinə gəldikdə isə bir daha qeyd etmək lazımdır ki, həm Ermənistanın, həm də onun arxasında duranların Qarabağdakı ermənilərdən separatçılıq və müxtəlif siyasi məqsədlərlə istifadə etməyi nəzərdə tutduqları planları suya düşdü. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında Qarabağdakı ermənilərə mesajlarını verib. Bu mesajlarda bildirib ki, ermənilər ya Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Yəni ya inteqrasiya edəcəklər, ya da torpaqlarımızı tərk edəcəklər”.
Laçın yolu ilə bağlı da fikir bildirən deputat vurğulayıb ki, ermənilərin “blokada” iddiası da, şübhəsiz, yalandır:
“Çünki demək olar, hər gün Laçındakı buraxılış məntəqəsindən keçən ermənilərlə bağlı videolar paylaşılmaqdadır. Onlar rahat, maneəsiz şəkildə gedib-gəlirlər. Ermənilərə qarşı heç bir blokadadan söhbət gedə bilməz”.
Qeyd edək ki, Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, əsasən, Qarabağda separatçılığı dəstəkləyən insanlardır.
Aysel Aslan
www.RIA24.az