“İlham Əliyevin Özbəkistana, Şavkat Mirziyoyevin ölkəmizə səfəri münasibətləri möhkəmləndirir” – ŞƏRH + FOTO

Siyasət


“Azərbaycan və Özbəkistan arasındakı münasibətlər 1990-cı illərin əvvəllərindən daha da yaxınlaşıb, möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbər seçildiyi dövrdən formalaşmağa başlayan əlaqələr son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluqları ilə daha da inkişaf etdirildi. Bu yüksələn temp onu deməyə əsas verir ki, hər iki dövlət qardaş dost, strateji müttəfiqlərdir”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi haqqında danışarkən iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İsgəndərov deyib. O qeyd edib ki, ölkə rəsmilərinin qarşılıqlı səfərləri, Özbəkistanın Azərbaycan və digər türk dövlətləri ilə münasibətləri, bunun fonunda sərgilədiyi xarici siyasət əlaqələrin gələcəyi üçün önəmli faktordur:

“Özbəkistanın Ermənistanla heç bir əlaqələr qurmaması, işğalçı dövlətə səfərlərin edilməməsi, Azərbaycanın haqq işini dəstəkləməsi, bu ölkənin konkret Azərbaycana qarşı dost və qardaş münasibət sərgilədiyini əyani göstərmiş olur.

İki ölkə arasındakı strateji dostluq münasibətləri iqtisadi, ticarət, hərbi sənaye, mədəni əlaqələrin inkişafına təkan vermiş olur. Tarixən özbək və Azərbaycan xalqları arasında mədəni, ədəbi əlaqələr yüksək səviyyədə olub. Hətta Sovet dövründə bu ölkədə Azərbaycan mədəniyyətinə böyük maraq formalaşıb. Azərbaycan şairlərinə, bəstəkarlarına, musiqimizə, incəsənətimizə özbək xalqı tərəfindən dəyər verilir. Özbək musiqiləri milli musiqilərimizlə yanaşı sevilib. O cümlədən, Azərbaycanda özbək mədəniyyətinə, tarixinə şəxsiyyətlərinə həmişə böyük hörmət və ehtiram olub, bu təbliğ olunub. Təbii ki, kökü bir olan xalqların münasibətləri bugünkü dövrdə daha da inkişaf etməlidir. Forma və keyfiyyətcə daha müasir çağırışa cavab verən əlaqələrin yüksəlişi Azərbaycan və Özbəkistan prezidentlərinin dostluğu ilə daha üst səviyyəyə çatdı. İlham Əliyevin Özbəkistana, Şavkat Mirziyoyevin ölkəmizə səfərləri iki dövlət arasındakı münasibətləri bütün sahələrdə möhkəmləndirir.

Özbəkistan prezidentinin ölkəmizə hazırkı dövlət səfəri də bir çox müqavilələrin imzalanması ilə nəticələndi. Bu səfər də ikitərəfli münasibətlərin inkişafı fonunda gələcək üçün müsbət məqamlar vəd edir”.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir