Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana qarşı yönəlmiş 2023-cü il 23 avqust tarixli açıqlamasını kəskin şəkildə pisləyir.
Bu barədə icmadan məlumat verilib.
Bildirilib ki, Lüksemburqun və onun uzun müddətdən bəri qatı anti-Azərbaycan mövqeyi sərgiləyən xarici işlər nazirinin belə açıqlamaları gülüş və kinayə doğurur. Azərbaycan ictimaiyyəti Lüksemburqun ədalətsiz, düşmən mövqeyini, xüsusən, Vətən müharibəsindən yaxşı xatırlayır.
Lüksemburq bəşəri dəyərlərə, beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nümayiş etdirir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan, biz Qərbi azərbaycanlılar da daxil olmaqla, yüzminlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulmasına göz yuman Lüksemburqun indi Azərbaycana hansısa çağırış etməsi üçün mənəvi hüququ yoxdur.
“Qərbi Azərbaycan İcması Lüksemburqu Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməyə, xüsusilə onun xarici işlər nazirini Azərbaycanofobiya mərəzindən qurtulmağa çağırır”, – deyə məlumatda qeyd olunub.
www.RIA24.az