Azərbaycan Ermənistan nümayəndəliyinin BMT-nin mənzil-qərargahında keçirdiyi gizli iclası pisləyib – FOTO

Siyasət


Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib.

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək onları dünya təşkilatının platformasından “sui-istifadə etməkdə” günahlandırıb.

Bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin 24 avqust 2023-cü il tarixli press-relizində bildirib.

“Avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında adət üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib.

Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun vicdanlı müzakirələrdən yayınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə qoyaraq qapalı iclas təşkil edib.

Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir. Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır.

Xarakterikdir ki, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir.

Təəccübləndirmir ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur.

Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır. Beləliklə, təsadüfi deyildi ki, BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və yalnız məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.

Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir”, – press-relizdə diqqətə çatdırılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir