Qarabağ və Şərqi Zəngəzurun sakinləri digər ərazilərə gedib-gələ bilər? – AÇIQLAMA + FOTO

Siyasət


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Böyük Qayıdış proqramı çərçivəsində indiyədək 1 855 nəfər məcburi köçkün doğma yurduna qovuşub. Belə ki, 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 234 ailə (904 nəfər) Laçın şəhərinə, 20 ailə (88 nəfər) Laçının Zabux kəndinə, 70 ailə (247 nəfər) isə Füzuli şəhərinə köçürülüb.

Azad edilmiş ərazilərə köçürülən sakinlərin sayı artdıqca, onların digər rayonlara gediş-gəlişinin təmin edilməsi, yaxın qohum-əqrəba ziyarətlərinin necə həyata keçirildiyi haqqında suallar da ortaya çıxır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın bununla bağlı sorğusuna cavab olaraq, bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. AYNA-dan qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin olunmalıdır:

“Tərtər rayonunun Talış və Zəngilan rayonunun Ağalı kəndlərində, eləcə də Laçın şəhərində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün AYNA tərəfindən avtobus marşrutları açılıb. Cari ilin may ayında Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşa şəhərinə və Horadiz şəhərindən Laçın istiqamətinə, avqust ayında isə Horadiz vağzalı, Əhmədbəyli kəndi və Füzuli şəhərindən keçməklə Hadrut qəsəbəsinə sərnişindaşıma xidməti fəaliyyətə başlayıb”.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə hələlik qalmaqda olan mina təhlükəsi və bu kimi digər problemlər bu bölgələrə gediş-gəliş üçün xüsusi icazənin alınmasını zəruri edir.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir