Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirdi və ona vəzifəsinin icrasında uğurlar arzuladı.
Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğuladı, bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Gülər özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərdən böyük məmnunluq və şərəf hissi duyduqlarını bildirərək, ilk növbədə Türkiyə Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad etdi, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını dedi.
Yaşar Gülər qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqərimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirdi və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
www.RIA24.az