“Forbes” Azərbaycandakı mina problemini işıqlandırıb, Ukrayna ilə paralellər aparıb

Siyasət


Dünyaca məşhur “Forbes” nəşri Azərbaycan və Ukraynadakı mina problemini işıqlandıraraq bu ölkələrin ən əlverişli torpaqlarının minalarla çirkləndiyini və bu ərazilərin təmizlənməsinə nəhəng vəsaitlərin ehtiyac olduğunu gündəmə gətirib.

“Report” xəbər verir ki, araşdırmaçı jurnalist Cozef Hemmond məqaləsində Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edildiyi xatırladaraq bu regionun eynən Ukrayna kimi kütləvi şəkildə minalara məruz qaldığını oxucuların diqqətinə çatdırıb.

“Azərbaycan Sovet İttifaqının son günlərində erməni separatçıları tərəfindən zəbt edilmiş və 2020-ci ilə qədər otuz il işğal altında qalmış beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük bir hissəsini geri alıb.

Ukrayna kimi, bu ərazilər də sovet dövrünün minaları ilə çox çirklənib və Ukrayna kimi, bu torpaqlar da Azərbaycanın istifadə etməyə ümid etdiyi kənd təsərrüfatı potensialına malikdir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, davam edən minatəmizləmə işləri sayəsində ötən il orada 50 min hektara yaxın dənli bitkilər əkilib”, – o qeyd edib.

Məqalədə vurğulanıb ki, yüz minlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet hesab edib: “Region bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınırdı”.

Müəllif yazısında bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini də sitat gətirib.

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dair bu zəruri ehtiyac Azərbaycanın “ən mühüm məsələlərindən” biridir, Prezident Əliyev ötən ay Azərbaycanın Qlobal Media Forumunda çıxışı zamanı bunu bir daha bəyan edib. Hələ də minalarla çox çirklənmiş Şuşa şəhərində yüzlərlə beynəlxalq nümayəndəyə müraciət edərək bildirib ki, azərbaycanlılar bölgəni bərpa etdikdən sonra minalardan 300-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb. Bu, Ukraynadakı oxşar hekayədir, lakin daha da kədərli. “Save The Children” QHT-sinin məlumatına görə, Ukraynada yaralananların səkkizində biri uşaqdır”, – C. Hemmond nəql edib.

Onun sözlərinə görə, minaların təmizlənməsi üçün ən böyük əngəllərdən biri xərcdir:

“Beynəlxalq Qızıl Xaç Komitəsinə görə, minanın istehsalının dəyəri nisbətən ucuz, yəni 3 dollardan 75 dollaradək olsa da, bir minanın çıxarılması 300-1 000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən varlı ölkə olan Azərbaycan üçün də bu, böyük problem yaradır. Ukrayna üçün bu, daha pis olacaq.

“Biz beynəlxalq şirkətlərdən bir neçə təklif almışıq ki, onlar bu sahədə işləsinlər. Təəssüf ki, qiymət çox yüksək idi. Mən təfərrüata varmaq istəmirəm, ancaq bu rəqəm bizdə olan rəqəmlərlə müqayisədə 8-10 dəfə artıq idi”, – Prezident Əliyev deyib.

1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə ölkəni minalardan təmizləmə mandatı ilə yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minalardan təmizləməyə innovativ yanaşmalar işləyib hazırlayıb. Uzun illər ərzində ABŞ hökuməti tərəfindən də dəstəklənib. Bu gün Agentlik məcburi köçkünlər arasından yeni könüllülər hazırlayır”.

Məqalədə qeyd olunub ki, ANAMA həmçinin məcburi köçkünlərin güzəranının yüksəldilməsinə yardım etmək üçün mikrokredit təşəbbüsləri kimi digər layihələrdə də iştirak edib:

“Bu, Ukraynada yaxşı işləyə biləcək bir modeldir”.

Eyni zamanda, müəllif Azərbaycanın bir digər probleminə də toxunub. O, İrəvanın Bakıya mina xəritələrini vermədiyini və ya verilən xəritələrin tam olmadığını xatırladıb və Ukraynanın da bənzər durumla üzləşə biləcəyini güman edib:

“Ukrayna Rusiya ilə müharibədə qalib gələrsə, çətin ki Putin mina xəritələri ilə bağlı daha açıq olsun. Hər iki halda döyüş sahəsinin xaosu, dəyişən hava şəraiti, daşqınlar və digər məsələlər bu cür xəritələrin məhdud yararına səbəb ola bilər. Xüsusən də minaların onilliklər öncə basdırıldığını nəzərə alarsaq”.

Cozef Hemmond yazısında bildirib ki, Azərbaycan minalarla mübarizədə APOPO təşkilatının xidmətinə müraciət edib. O məlumat verib ki, APOPO minatəmizləmədə həm itlərdən, həm də nəhəng kisəli siçovullardan istifadə etməsi ilə məşhurdur:

“Hər iki heyvanın həssas burunları var ki, onlar partlayıcı maddələrin xüsusiyyətlərini iyləmək üçün öyrədilə bilər. Bəzi APOPO siçovulları da xəstələrdə vərəmi iyləmək üçün öyrədilib. Böyük siçovullar qəpik-quruşa işləyir – sözün əsl mənasında”.

O qeyd edib ki, bu il Ukraynanın missiyası Azərbaycanın minatəmizləmə sahəsindəki yanaşmasını daha yaxşı başa düşmək üçün Bakıya səfər edib: “Yaxın Şərq nümayəndələri də onun minalardan təmizləmə strategiyasını daha yaxşı başa düşmək üçün Azərbaycana səfər ediblər. Azərbaycanın nou-hau və texnologiyalarını dünyanın başqa yerlərində tətbiq etmək üçün Səudiyyə-Azərbaycan birgə şirkəti yaradılıb”.

Müəllif Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakının Kiyevə minatəmizləmə sahəsində töfhə verməyə hazır olduğuna dair müraciətini də yazısında işıqlandırıb.

“Hər iki ölkədə minalara qarşı mübarizə onilliklər olmasa da, illər çəkəcək. Ukrayna məsələsində bəzi bədbin analitiklər deyirlər ki, hazırda minalanmış Ukrayna ərazisinin təqribən 30 %-ni təmizləmək üçün yeni və innovativ həllər cəhd edilməsə, bu, yüzilliklər çəkə bilər. Bununla belə, hər iki ölkədə bu, mümkünsüz mübarizə deyil, çünki hər ikisi … bir gün yenidən əkini təmin etməyə can atan çalışqan fərdlərin və təşkilatların vətənidir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir