“Azərbaycan otuz ilə yaxındır əsas diqqəti danışıqlara yönəltməklə Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaldacağına ümid edirdi. Azərbaycan bu münaqişənin artmasına yol verməmək, haqqın səsini beynəlxalq birlik tərəfindən duyulması üçün səy göstərib”.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramovun “TRT Deutsch” tərəfindən dərc olunmuş yazısında bildirilir.
“2020-ci ilin 10 noyabr günü Azərbaycan, Ermənistan, bütün Qafqaz regionu tarixində yeni fəsil başladı. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən silahlı münaqişəyə son qoydu. Bu bəyanatın icrası bütün döyüşlərin dayandırılmasına, işğal olunmuş bölgələrin Azərbaycana qaytarılmasına gətirib çıxarıb. Bəyanatda həmçinin məcburi köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yurdlarına qaytarılmasını nəzərdə tutan mühüm müddəa da var”, – deyə yazıda qeyd olunur.
Müəllifə görə, bu razılaşma regionda yeni reallıq və əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Razılaşmanın icrasına Rusiya və Türkiyənin töhfələri xüsusilə diqqətəlayiqdir. Bu qonşu dövlətlərin mühüm rol oynayaraq zəmanətçi olduqları həmin razılaşmanın yerinə yetirilməsi Cənubi Qafqaz regionunda çoxdandır ehtiyac duyulan sülh və sabitliyi təmin edəcək. Azərbaycan münaqişə bölgələrində olan erməni mənşəli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına yenidən qovuşdurmaq, bütün vətəndaşlarına etnik mənsubiyyəti və dini etiqadına baxmayaraq, eyni hüquq və azadlıqlar təmin etmək əzmindədir. Azərbaycan Respublikasının Konstitusiyası bunun üçün möhkəm hüquqi zəmindir.
Artıq yeni postmünaqişə mərhələsinə, yenidənqurma və bərpa, dinc qonşuluğun bərpası mərhələsinə qədəm qoymuşuq. Bu da inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır”.