Ağdam-Xankəndi yolunda təxribat olarsa: Azərbaycan dəyənəyini qaldıra bilər – ŞƏRH

Siyasət


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə yolladığı humanitar yardıma qarşı erməni təbliğatı öz işinə başlayıb.

Ağdam-Xankəndi yolunda erməni təxribatları da gözləniləndir. Azərbaycan hər hansı təxribatı dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində zərərli nöqtə kimi görərək onları aradan qaldırmaq hüququna malikdir.

Qarabağdakı ermənilər əgər təxribat müəllifinə çevrilsələr, onda onun təşkilatçıları və icraçılarına qarşı dövlət tədbir görəcək.

Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycanın daxili işi kimi vüsət alır, buna görə də onlara təxribat törədə biləcək hər hansı imtiyaz tanınmır. Yəni Qarabağdakı ermənilər elə düşünürlərsə ki, təxribatlar törədib cəzasız qalacaqlar, onda böyük yanlış içərisindədirlər.

Buradan hesablama aparsaq, təxmin edə bilərik ki, ermənilər Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarına güvənərək nəsə etməyə cəhd göstərsələr, onların qarşısında Azərbaycanın güc strukturlarının dəyənəyi göstərilə bilər.

Əgər bu təxribatlar davamlı olsa, onda Azərbaycan təxribatın təşkilatçılarına qarşı daha böyük tədbir – antiterror tədbiri – görmək hüququndan yararlanmağı seçmək hüququna sahibdir.

Söz yox ki, Azərbaycan maksimal səbir və təmkin nümayiş etdirərək hər cılızlığa da reaksiya verən deyil, lakin bu kiçik məsələlər böyük bir topaya çevrilmək həddində irəliləyəndə Bakı düyməni basacaq.

Ona görə ki, separatçı ünsürlər milli təhlükəsizlik üçün təhdiddir, onlara havadar olanlar da ikinci bir təhlükədir. Hər bir dövlətin öz ərazisindəki separatçı qüvvələri yatırtmaq hüququ var, çünki ərazi bütövlüyü və suverenlik bütün dövlətlər üçün vacib şərtdir.

Bu baxımdan, Qarabağdakı ermənilərin Azərbaycanın humanitar yardımını qəbul etməkdən başqa çarə axtarmaları qədər mənasız və bezdirici bir iş yoxdur.

Azərbaycan üçün Qarabağ ermənilərinin ölkənin ictimai-siyasi həyatına reinteqrasiyası vacibdir, göndərilən humanitar yük həmin işə vəsilə ola biləcək xarakterdədir.

Yəni Qarabağdakı erməni sakinlər humanitar yükləri qəbul etsələr də, etməsələr də, Azərbaycanın atdığı addım ciddi bir siqnaldır və onların qulaqlarına sırğa olmalıdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yük daşıyan TIR-ları Fransaya da tutarlı bir cavabdır. Çünki Fransa özünə əl qataraq Laçındakı sərhəd-buraxılış məntəqəsindən Qarabağa yük daşınmasını həyata keçirməyə çalışır.

Təbii ki, Azərbaycan sərhədçiləri onları buraxan deyillər, çünki humanitar yükdən söhbət gedirsə, buyursunlar başa düşsünlər ki, ortada Ağdam-Xankəndi yolu var və Azərbaycanın özü daxili işi zəminində məsələni həll etməyə qadirdir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir