“Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!

Siyasət

Növbəti dəfə Qarabağda xidmət aparan Rusiya sülhməramlıları öz ali missiyasına zidd addımla gündəmə gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda sülhü qorumaq kimi əsas vəzifə daşıyan sülhməramlılar 9 May Qələbə Günü münasibətilə parad keçirmək niyyətindədir və bununla bağlı məşqlərə artıq start verilib.

Oxu.Az xəbər verir ki, Rusiya sülhməramlılarının öz məramlarına yaraşmayan fəaliyyətləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra dəfələrlə gündəmə gəlib. Lakin bu dəfə məramı şübhə doğuran hərbi kontingent ən sadə şəkildə desək, öz “səhvlərinin” ən ağra imza atıb.

Rusiya sülhməramlılarının Qarabağda – əbədi və əzəli Azərbaycan torpağında parad keçirməsi “supergüc” maraqları güdən Kreml üçün adi görünə bilər və ya öz torpağının belə müdafiəsini Rusiyaya həvalə etmiş İrəvan üçün tamamilə məqbul sayılar bəlkə də… Lakin suveren və qüdrətli Azərbaycan dövlətinin ərazisində başqa bir dövlətin ordusunun məramı nə olur olsun hərbi parad keçirməsi, buna hazırlaşması, hətta planlaşdırması belə Bakı üçün qəbuledilməzdir.

Rusiya sülhməramlıları növbəti dəfə unudur ki, onlar hansısa mübahisəli bölgədə deyil, Qarabağda bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilərdə xidmət aparır. Bura isə dünyanın bir çox nöqtələrində olduğu kimi supergüclərin vassallığını fəxrlə qəbul edən hansısa dırnaqarası dövlətin torpağı deyil, ordusunun qüdrəti və şücaəti ilə öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan Respublikasının ərazisidir. Bu ərazidə hərbi parad keçirəcək qüdrətə və hüquqa sahib olan yeganə ordu – Azərbaycan Respublikası Silahlı Qüvvələridir və bu ordu da öz tarixi qələbəsini Azadlıq meydanındakı möhtəşəm Zəfər Paradı ilə taclandırıb!

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir