“Ermənistanı yalnız Fransa, Kanada və Belçika dəstəkləyir, başqa heç kim” – ŞƏRH + FOTO

Siyasət


“Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməyi onun sülh istəməməsindən irəli gəlir. Ancaq bu əməllər elə təxribat səviyyəsində qalacaq”.

Bu fikirləri Oxu.Az-a Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatlar haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. O qeyd edib ki, ermənilərin bundan daha genişmiqyaslı və yaxud daha təsirli hər hansı bir təxribat törətməyə hərbi-texniki imkanları yoxdur:

“Ona görə də bu təxribatları törətməkdə məqsədləri, sadəcə, dünya ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan münasibətlərinə cəlb etməkdir. Guya ortada problem var, həll olunmamış məsələ qalıb və erməniləri himayə etmək lazımdır. Ancaq düşünürəm ki, ermənilərin bu siyasi şüarlarından artıq dünya da bezib. Aparılan təxribat siyasəti nəticə etibarilə ümumi bir mövqe formalaşdırıb ki, erməni xisləti nədən ibarətdir.

Hazırkı təxribatlar həm də Qərb dövlətlərinin mövqeyini göstərdi. Bəlli oldu ki, Ermənistanı himayə edən, ona dəstək verən Avropa İttifaqı içərisində yalnız Fransa və Belçikadır. Avroatlantik məkanda isə Kanada, yəni frankofon dövlətlər, Fransanın təsir imkanlarının daxilində olan aktorlardan başqa heç kəs Ermənistanın təxribatlarını əsla diqqətə almadı. Çünki hər kəs bilir ki, Ermənistanın iddialarının beynəlxalq hüquqi əsasları yoxdur və belə mövqe sülhə qarşıdır. Ona görə sonuncu Fransa-Ermənistan-Belçika ortaq siyasi, diplomatik təxribatlarından sonra bir daha yəqin oldu ki, bu cür təxribatlarla heç nəyə nail olmaq mümkün deyil.

Düşünürəm ki, qısa zamanda Qarabağdakı qondarma rejim buraxılmalıdır. Azərbaycanda olan 10 minə qədər erməni terrorçu Azərbaycan ərazisini tərk etməli və Ermənistan-Azərbaycan sərhədində törədilən təxribatlara son qoymalıdır. Bundan sonra nəhayət sülh üçün perspektivlər yarana bilər. Əks təqdirdə, Azərbaycan Ermənistanı sülhə razı salmağın yollarını yaxşı bilir”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir