Paşinyanın təbriki Azərbaycanın sülhəməcburetmə əməliyyatının yeni mərhələsini başlada bilər – TƏHLİL + FOTO

Siyasət


Ermənistanın baş naziri Nikol Paşinyan tarixin keçmişində ləkə kimi qalmış Qarabağdakı qondarma rejimin yaradılmasının ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Öncəliklə yada salaq ki, Paşinyan hələ 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır” deyəndən sonra – 2020-ci ildə – müharibə başladı və İrəvan sarsıdıcı məğlubiyyətə düçar oldu.

İndi də Paşinyanın Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı bəyanatı, Qarabağın ayrıca ərazi vahidi kimi olmasını arzu etməsi Ermənistan üçün əhəmiyyətli dönüş nöqtəsi sayıla bilməz.

Birincisi, Paşinyanın qeyd etdiyi Dağlıq Qarabağ inzibati vahidi yoxdur, onun əvəzində Qarabağ iqtisadi rayonu var.

İkincisi, Paşinyanın mövqeyinin narrativi Azərbaycanın bölgədə sülh yaratmaq üçün hərbi tətbiqləri işə salmasına təkan verir, görünür ki, baş nazir 2019-cu ilin avqustundakı bəyanatının nəticələrindən dərs çıxarmayıb.

Üçüncüsü, regionda yaranan reallıqlarda həm Qərb, həm də Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını bəyan ediblər, elə Paşinyan özü də belə bir mövqeni dilə gətirmişdi.

Deməli, Ermənistan baş nazirinin yeni açıqlaması ilə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı ziddiyyət təşkil edir.

Paşinyanın mövqeyindəki yeni U dönüşünün səbəbi Ermənistanın hələ də Qarabağla bağlı iddialarından əl çəkmədiyin göstərir. Hərçənd, Paşinyan yerlə bir edilmiş “müstəqillik” günündə başqa bir mətn də səsləndirə bilməzdi. Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu başqa platformalarda yenidən etiraf edəcək, indi üçün isə onun açıqlaması daxili auditoriyadakı qızğınlığın üzərinə su səpmək məqsədləri daşıyır.

Ancaq bu o mənanı çıxarmır ki, Paşinyan Rusiya, Qərb qarşıdurmasının arasında Ermənistanın işğalçılıq siyasətini mövqeləndirməkdən əl çəkir. Buraya İranın, Fransanın (Qərb olsa da, fərqli motivlərlə hücuma keçir), Hindistanın İrəvan üçün oynadığı müsbət rolları da əlavə edəndə Ermənistanın işğalçı doktrinası üçün motivasiya mənbələrini daha açıq gözlə görmək olur.

Bununla belə, Ermənistan ona enerji verən generatorlardan güc aldığını düşünsə də, regiondakı reallıqları dəyişdirə bilmək potensialından nəzərəçarpacaq dərəcədə məhrumdur.

Ona görə də Paşinyan bu məhrumiyyətləri dilə gətirir, beynəlxalq gündəmə Qarabağla bağlı iddiaları Ermənistanın işğalçılıq siyasəti əsasında oturtmağa çalışıb nəyəsə ümid bəsləyir.

Paşinyanın nəyi, hansı səbəbə deməsindən asılı olmayaraq, onun Qarabağdakı separatçıları təbrik etməsi Ermənistanın Azərbaycanla sülh danışıqlarını sabotaj etməsidir.

Ermənistan “Qarabağ Azərbaycan ərazisidir” mövqeyini rəsmiləşdirməyib, şifahi bəyanatlarla (bunun özü də bir göstəricidir) vaxt qazanmağa çalışacaqsa, Azərbaycan növbəti danışıqları regionda yarada biləcəyi yeni reallıqlarla formalaşdıracaq.

Azərbaycan üçün Ermənistanın mövqeyindəki ziddiyyətlər qəbuledilməzdir, ona görə ki, sülh prosesi ilə uyğunluq dərəcəsi itir.

Sülh danışıqları ilə əldə edilən nəticələrini Azərbaycan üçün itkiyə çevirmək cəhdi Paşinyanın dilində aydın bir şəkildə səslənir.

Bu, rəsmi Bakı tərəfindən qəbuledilməz bir davranışdır, ona görə də Azərbaycanın Ermənistanı sülhəməcburetmə əməliyyatları növbəti mərhələ üçün aktuallıq qazanacaq.

Bu elə bir faza ola bilər ki, artıq Ermənistan üçün barmağını sala biləcək heç bir yer qalmasın. Regional və qlobal miqyasın konteksti də İrəvan üçün xoşbəxt gələcək vəd etmədiyindən Azərbaycan daha münbit şəraitin yetişməsini gözləyəcək ki, Ermənistanı birdəfəlik yerində oturtsun…

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir