Sentyabrın 4-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib, Azərbaycan-Macarıstan münasibətləri, bölgəmizdə cari vəziyyət, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, Azərbaycan-Ermənistan arasında post-münaqişə normallaşma prosesi barədə çoxsaylı sualları cavablandırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, C.Bayramov ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən, möhkəm dostluğa, ümumi dəyər və maraqlara, habelə çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan – Macarıstan münasibətlərinin bu gün sürətlə inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bir çox cəhətdən nümunəvi olduğunu bildirib. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsini məmnunluqla vurğulayıb.
Yüksək səviyyəli siyasi dialoqun iqtisadi əməkdaşlığımızın inkişafı üçün əlverişli baza yaratdığını, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın mütəmadi iclaslarının iqtisadiyyat, enerji, ticarət və investisiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bir sıra Macarıstan şirkətlərinin ölkəmizdə fəal fəaliyyətini təqdir edən nazir həmçinin digər sektorlarda, o cümlədən turizm, əczaçılıq və s. sahələrdə ikitərəfli iqtisadi əlaqələrimizin genişləndiyini diqqətə çatdırıb.
Azərbaycanın regional miqyasda əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi, bu çərçivədə, ölkəmizin digər platformalarla yanaşı Avropa İttifaqı (Aİ) ilə siyasi əməkdaşlıq, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, eləcə də bağlantı və sektor məsələləri daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq apardığı bildirilib. Macarıstanın 2024-cü ilin II yarısında Aİ Şurasında sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına, o cümlədən Azərbaycan ilə Aİ arasında Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi üzrə aparılan danışıqlara dəyərli töhfə verəcəyinə əminlik ifadə olunub.
Həmçinin Ukraynadakı müharibədən sonrakı regional geosiyasi vəziyyət fonunda Mərkəzi Asiyadan Xəzər dənizi və daha sonra ölkəmizdən keçən nəqliyyat marşrutlarının aktuallığından söz açan nazir ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat infrastrukturuna böyük sərmayə qoyduğunu, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən əlverişli və təhlükəsiz alternativ olan Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini qeyd edib. Bu xüsusda, Orta Dəhliz daxilində daha da yaxşı əlaqəni artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açılıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçıları məlumatlandırılıb. Nazir Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, post-münaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.
www.RIA24.az