“İşğalçı, vandal Ermənistanın birdən-birə dəyişərək sülh istəməsini gözləmək sadəlövhlük olar” – ŞƏRH + FOTO

Siyasət


“Nikol Paşinyanın səsləndirdiyi fikirlər bizdə təəccüb yaratmamalıdır. Çünki o lap əvvəldən havadarlarından dəstək alaraq, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti üzərindən gərginlik yaratmağa, münaqişənin davam etdiyi barədə yalançı təəssürat formalaşdırmağa çalışıb”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyib. O qeyd edib ki, sülh danışıqları ilə əlaqədar Avropa platformasında da başlıca yanaşma Azərbaycan ərazisindəki ermənilərin vəziyyətinin hansısa beynəlxalq mexanizmlər əsasında müəyyənləşdirilməsidir:

“Rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan multikultural dövlətdir. Ölkəmizin ərazisində hansısa xalqın nümayəndələrinin diskriminasiyaya məruz qalması kimi bir hal heç vaxt müşahidə olunmayıb. Əslində, bunu Ermənistanda da, Qərbdə də çox yaxşı bilirlər. Sadəcə olaraq, məqsədli şəkildə Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti, onların statusu məsələsi üzərindən regionda gərginliyi saxlamağa çalışırlar.

Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdi, münaqişə vəziyyətini aradan qaldırdı. Lakin bu, sözsüz ki, bəlli dairələri heç qane etmədi. Çünki kənar dairələr münaqişə amili üzərindən öz mövcudluqlarını Cənubi Qafqaz regionunda saxlayırdılar. Artıq münaqişə olmadıqda onların bu imkanları da aradan qalxdı. Diqqət yetirsək, görərik ki, 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi dövrdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli müzakirələr həyata keçirilirdi. Yəni paradoksal bir vəziyyət yaranmışdı. BMT Təhlükəsizlik Şurasında dörd qətnamə qəbul edilib ki, Ermənistan silahlı birləşmələri Azərbaycanın rayonlarından çıxsın. Azərbaycan bu qətnamələri öz gücünə icra etdiyi halda, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli müzakirələr həyata keçirilirdi.

Deməli, BMT də daxil olmaqla bəzi beynəlxalq təşkilatlar regionda münaqişə vəziyyətinin aradan qalxmasında heç vaxt maraqlı olmayıblar. Onlar, sadəcə, münaqişəni idarə etməklə məşğul olublar. Beləliklə, Qarabağ məsələsi onların Cənubi Qafqaz regionunda geosiyasi ambisiyalarının həyata keçirilməsi aləti rolunda görülürdü”.

Deputatın fikrincə, Nikol Paşinyan kənardan verilən təlimatlar əsasında Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini ləngitməkdədir:

“Qarabağda yaşayan ermənilərin durumu ilə bağlı heç bir narahatlıq mövcud deyil. Qarabağda yaşayan ermənilərin vəziyyəti məsələsi Paşinyan üçün yeganə çıxış yoludur. Yəni erməni baş nazir bu məsələ üzərindən manevrlər etməklə öz hakimiyyətini qoruyub-saxlamağa çalışır. Vaxtilə Paşinyanın sələfləri də Qarabağdakı vəziyyət üzərindən özünün siyasi karyeralarını qururdular. “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlməsi də buna bariz nümunədir.

İşğalçı Ermənistan 30 il müddətində xalqımıza qarşı terrorunu davam etdirib. Vandal bir ölkənin birdən-birə dəyişərək sülh tərəfdarı olacağını gözləmək sadəlövhlük olardı. Ermənistanı sakit vəziyyətdə saxlayacaq yeganə amil gücdür. Bunu Prezident İlham Əliyev də qeyd edib. Azərbaycan davamlı olaraq gücünü artırmalıdır ki, mənfur qonşu ilə mübarizə apara bilsin. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından heç vaxt geri çəkilməyəcək və biz hər zaman güclü olmaqla, Ermənistanı zəif vəziyyətdə saxlamaqla öz təhlükəsizliyimizi etibarlı şəkildə təmin edə bilərik.

Paşinyanın sülhə hazır olması ilə bağlı səsləndirdiyi fikirlər isə təbii ki, yenə də siyasi riyakarlıqdan başqa bir şey deyildi”.

Qeyd edək ki, Nikol Paşinyan Qarabağdakı qondarma rejimin ildönümü ilə əlaqədar çıxış edib. O bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir