“İran-Azərbaycan-Türkiyə formatının yenidən işə salınması Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub dəhlizinin inkişafı da daxil olmaqla, regionda nəqliyyat kommunikasiyalarının və bir çox layihələrin bərpasına imkan verəcək”.
“Report” xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının üzvü, Yaxın Şərq münaqişələri sahəsində müstəqil ekspert Kirill Semyonov deyib.
Onun sözlərinə görə, bu format bir çox regional problemləri həll etməklə yanaşı, Bakı ilə Tehran arasında münasibətlərdəki gərginliyi aradan qaldıracaq.
Ekspert hesab edir ki, Türkiyə və İranın Cənubi Qafqazda sülhü təmin etmək üçün vasitə kimi istifadə oluna biləcək bir çox təmas nöqtələri var.
“Məhz bu format müsbət dinamika yaratmağa və siyasi maneələri aradan qaldırmağa imkan verəcək. Ümumiyyətlə, Türkiyə-İran əlaqəsi həm Cənubi Qafqaz, həm də Yaxın Şərq, o cümlədən Suriyada sülhün bərpası üçün çox vacibdir”, – K.Semyonov bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib ki, Tehran İran-Azərbaycan-Türkiyə üçtərəfli formatının yenidən işə salınması ilə bağlı Ankarayla yekdil fikrə malikdir.
www.RIA24.az