Anatoli Nikiforov: “Açıqlamaları Paşinyanın siyasi baletində növbəti aktdır” – Rusiyadan ŞƏRH

Siyasət


“Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına bir çox aspektdə siyasi deyil, psixoloji nəzər nöqtəsindən baxmaq lazımdır”.

Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Paşinyanın danışıqlarla bağlı irəli-geri addımlarını Oxu.Az-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, hazırda münaqişənin yekun həlli, tam qarşılıqlı anlaşma və sülhdən danışmaq, sadəcə, mümkün deyil, hətta hansısa sənəd imzalansa belə, bunun üçün vaxt lazımdır:

“Siyasətlə yanaşı, məişət problemləri də var. Ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə təkamül olmalıdır. Nikol Paşinyana gəlincə, müharibədəki məğlubiyyət onu Qərbdəki kuratorları kimi ciddi şəkildə yıxdı. Buna baxmayaraq, o, daha sonra seçkidə qalib gəldi, baş nazir postunu saxladı, Rusiya ilə əlaqələri yoluna qoymağa başladı”.

Nikiforov Paşinyanın Ermənistanın Rusiyaya ehtiyacı olmadığı barədə açıqlamalarına da münasibət bildirib və deyib ki, əslində, Moskva İrəvanın ona lazım olub-olmadığına qərar verməlidir.

“Deməli, bu, Nikol Paşinyanın siyasi baletində növbəti aktdır. Ermənistanın vurnuxması başadüşüləndir, onlar dünyada baş verənləri tam anlamırlar. İstənilən halda, Rusiya ilə bağlı mövqeyi Paşinyan yox, erməni xalqı müəyyən etməlidir. Ümumiyyətlə, Paşinyanın sözlərini 28-ə, hətta daha çoxa bölmək lazımdır. Onda müəyyən psixoloji amilləri görmək mümkündür, bu da onun sözlərinə təsir edir. Nikol Paşinyanın daha bir məqsədi var. O, uzaqlaşdırılsa belə, hörmətli və ən əsası – sağ qalmaq istəyir”, – deyə analitik əlavə edib.

Parisin açıq şəkildə erməni tərəfini dəstəkləməsinə və buna görə Paşinyanın sözündən geri durmasına gəlincə, ekspert deyib ki, Fransa ərazidə əvvəl də olmayıb, heç indi də yoxdur.

“Paşinyan isə siyasi-psixoloji oyun oynayır. Səhər qalxdı və qərara gəldi ki, indi o, böyük adamdır və niyə bundan heç kimin xəbəri yoxdur? İnsanlarda, xüsusən də hakimiyyətə sahib olanlarda belə şüur ​​dəyişikliyi formaları var. Bu gün onların ağlında bir şey var, sabah isə tamam başqa bir şey.

Hazırda Paşinyan öz sözlərindən qaçıb, bu həm də onun gələcəkdə Qərbdən nəyəsə ehtiyacı ola biləcəyi anlamına gələ bilər. Rusiya isə buna bir növ Paşinyanın xeyrinə reaksiya verməli idi. Ona görə deməzdim ki, Ermənistan hökuməti danışıqlardan imtina edir, baxmayaraq ki, əvvəlki mövqedən müəyyən çəkilmə var. Amma bu, Ermənistanın baş nazirinin şıltaqlıqları ilə bağlı siyasi gedişdir”, – deyə ekspert sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir