Ermənistanın siyasi rəhbərliyi son dövrlər Rusiya əleyhinə ritorikanı gücləndirmək qərarına gəlib. Rəsmi İrəvanın son vaxtlar Rusiya və rus sülhməramlıları əleyhinə səsləndirdiyi bəyanatlar buna dəlalət edir. Baş nazir Nikol Paşinyan hər fürsətdə məsuliyyəti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzərinə yıxmaqla şimaldan narazı olduğunu dilə gətirir, eyni zamanda, açıqlamaları ilə strateji müttəfiq axtarışına çıxdığını gizlətmir.
Əslində, Rusiya ilə Ermənistan münasibətləri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra azalan xətt üzrə inkişaf edib. Sorosun dəstəyi ilə “narıncı inqilab”la Serj Sarqsyanı devirən Paşinyanın ilk gündən qərbyönlü olduğu açıq-aşkar idi. Amma son 30 ildə Rusiya Ermənistanı özünə qopmaz bağlarla birləşdirdiyi üçün bu düyünü açmaq o qədər də asan deyildi. Bəlkə də, bu səbəbdən Qərbin siyasi dairələrində Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı forpostu da adlandırırdılar.
Hələ avqustun 24-də Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovun İrəvana buraxılmaması münasibətləri gərginləşdirmişdi və bu xətt üzrə davam edəcəyindən xəbər verirdi. Xatırladaq ki, Krivopuskov rəsmi İrəvanın “qara siyahısı”na düşən ilk rusiyalı deyil. Bu vaxta qədər bir neçə ictimai xadim və jurnalistin İrəvana səfərinin qarşısı alınıb. Bu hadisə Rusiya siyasi dairələrində narazılığa səbəb oldu və Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan rəsmi İrəvanın xarici siyasətini sərt tənqid etdi. Abramyan, eyni zamanda, rəsmi İrəvana mesaj ötürdü ki, artıq Rusiya erməniləri Ermənistana investisiya qoymağa meyilli deyillər.
Hadisələrin inkişafı bu axarda davam etdiyi bir zamanda Ermənistan Belarusda keçirilən KTMT təlimlərindən imtina etdi. Rəsmi İrəvanın bu qərarının da Rusiyaya qarşı hesablanmış addım olduğu, artıq KTMT alyansını tərk etməyə hazır olduğu barədə söhbətlər dövriyyəyə buraxıldı. Bu hadisə ilə paralel olaraq, baş nazir Nikol Paşinyan Rusiyanı tək strateji müttəfiq seçməyin yanlış olduğunu etiraf etdi və yeni strateji müttəfiqlər axtarışında olduğu barədə siqnallar ötürməyə başladı.
Amma məsələ bununla da bitmədi. Sentyabrın 11-də Ermənistanda ABŞ hərbçiləri ilə birgə təlimlər başlayır. 10 gün davam edəcək təlimlə N.Paşinyan arı yuvasına çöp soxmuş sayılır. Rəsmi İrəvan geosiyasi manevr etmək istəsə də, siyasi və hərbi rəhbərlikdə, deyəsən, bunun təhlükəli, geri dönüşü olmayan bir yola qədəm qoyduğunu dərk edən şəxs yoxdur.
Əslində, bu təlim, sadəcə, simvolik bir addımdır və ABŞ, İrəvanın gözlədiyi kimi, Ermənistanın strateji müttəfiqinə çevrilməyəcək. Bu addım Birləşmiş Ştatlara və NATO-ya Rusiyanın sinir mərkəzlərini yoxlamaq, İrana mesaj ötürmək üçün lazımdır. Çünki rəsmi Vaşinqton da gözəl anlayır ki, bu təlim Ermənistanın İran və Rusiya ilə münasibətlərinə ciddi təsir edə bilər. 10 günlük təlim rəsmi İrəvanın Tehran və Moskva ilə münasibətlərini korlaya da bilər, çünki tərəflər artıq Ermənistanı ciddi qəbul etməyə və ona etibar etməkdən boyun qaçıra bilərlər. Bu səbəbdən də şoudan başqa heç bir işə yaramayan təlimin Ermənistanın özünə ziyan vuracağı gün kimi aydındır.
Amma nə işdirsə, rəsmi Moskvanın bir sıra dövlət nümayəndəsi tərəfindən Ermənistanda keçiriləcək ABŞ-Ermənistan birgə hərbi təlimləri barədə bəyanatlar səsləndirilsə də, rəsmi Tehran ağzına su alaraq susub. Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri zamanı İranda məmə yeyəndən pəpə deyənə qədər hər kəs “sərt açıqlama” verdiyi bir halda, əzəli düşməni ABŞ-nin düz sərhədində təlim keçirməsi, deyəsən, nəzərdən yayınıb.
Qeyd etmək yerinə düşər ki, Rusiyanın Ermənistandakı, daha dəqiq desək, Gümrüdəki 102-ci hərbi bazasının qulağının dibində amerikalı hərbçilərin 10 günlük təlimi NATO-nun KTMT-yə açıq-aşkar meydan oxumasıdır. Hərbçilərin 10 gün ərzində hansı kəşfiyyat materialları toplayacağını heç kəs bilmir. Eyni zamanda, İrana qarşı hansı müşahidələrin aparılacağı, hansı materialların toplanacağını da heç kəs bilmir. ABŞ-nin əzəli rəqibi Rusiya və İrana bu əzələ nümayişini Ermənistan müttəfiqlik kimi qəbul etsə də, Rusiya və İranın əlində “piyada”ya çevrilən rəsmi İrəvan heç bir halda Birləşmiş Ştatlar və NATO-nun müttəfiqi ola bilməz. NATO və ABŞ də regionda siyasi “piyada”ya çevrilən Ermənistandan öz siyasi və hərbi məqsədləri üçün istifadə edir, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar.
Hələ bu da azmış kimi, Ermənistan prezidentinin sərəncamı ilə bu ölkənin KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqov geri çağırıldı və Niderlanda səfir təyin edildi. Biyaqov, eyni zamanda, Ermənistanı Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatda da təmsil edəcək. Göründüyü kimi, Nikol Paşinyan KTMT ilə bütün ipləri qoparmaq, alyansı tərk etmək niyyətini tamamilə ortaya qoymuş sayılır. Çünki KTMT təlimindən imtina edərək, ABŞ ilə birgə təlim, KTMT-dəki nümayəndəni isə eyni gündə geri çağırmaq Rusiyanın hərbi və siyasi dairələrinə ötürülən mesajdır. Heç şübhəsiz ki, bu səbəbdən də 11-20 sentyabr tarixlərində Ermənistanda keçiriləcək təlimlər Rusiyanın ciddi narazılığına səbəb olub. Kremlin rəsmisi Dmitri Peskovla yanaşı, bir sıra iriranqlı dövlət xadimləri təlimlərdən narazı olduqlarını birbaşa dilə gətiriblər. Bununla yanaşı, Rusiyanın Ermənistanla hərbi əməkdaşlığının davam edəcəyi barədə açıqlama rəsmi Moskvanın İrəvanın iplərini əlindən buraxmaq niyyətinin olmaması mənasına gəlir.
Rusiya ilə Ermənistanın diplomatik səviyyədə söz savaşına Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da qoşulub. Bu dəfə Zaxarovanın açıqlamaları sərtliyi ilə seçilib. Zaxarova Paşinyanın strateji müttəfiqlik barədə “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərinə cavab olaraq qeyd edib:
“Sadəcə, bütün bu ifadələri yekunlaşdıraraq demək istəyirəm ki, insan öz əməlinə görə məsuliyyət daşımağı bacarmalı, hər dəfə günahkar axtarmamalıdır. Məsuliyyət daşımaq lazımdır. Öz məsuliyyətinizi kiminsə üzərinə yıxmamalısınız.
Siyasətdə dövlət xadimi ilə yoldan keçən və öz ölkəsinin milli maraqlarını düşünməyən adam arasında fərq bax bundan ibarətdir. Və yenə də öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmalısan, əks halda bu bir az “pis rəqqasın hekayəsi”nə bənzəyir”.
Göründüyü kimi, Paşinyanın son günlər verdiyi açıqlamalar və siyasətdə ifa etmək istədiyi ziqzaqlar Rusiyanın qəzəbinə səbəb olub və Paşinyana qarşı açıq-aşkar söz savaşına start verilib. Zaxarova baş verən hadisələrdə birbaşa Ermənistanın baş nazirinin günahkar olduğunu da erməni cəmiyyətinə bildirmiş sayılır.
Bu söz savaşına Ermənistan parlamentinin spikeri Alen Simonyan da qoşulub. Zaxarovanın Simonyanın ünvanına səsləndirdiyi haqlı tənqid spikerin xoşuna gəlməyib və “Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm” açıqlaması ilə rəsmi İrəvanın Rusiya ilə münasibətlərinin hansı müstəviyə qədəm qoymasından xəbər verir.
Amma hadisələr bununla da bitmir. Ermənistanın son günlər Ukraynaya humanitar yardım göndərməsi də Rusiyaya qarşı atılan addım kimi qiymətləndirilməlidir. Çünki Ukrayna və Rusiya arasında baş verən silahlı qarşıdurmadan bu yana, Ermənistan ilk dəfədir ki, belə bir addım atmağa cəsarət edir. Görünür, Qərbin müəyyən dairələrindən ilhamlanan Ermənistan Rusiya-Ukrayna müharibəsində nəhayət öz mövqeyini ortaya qoymağa, Qərbin siyasətini dəstəklədiyini bəyan etməyə çalışır.
Hələ bu da azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 6 sentyabr tarixində Ukrayna paytaxtı Kiyevdə keçirilən “Birinci xanımlar və həyat yoldaşları” adlı sammitdə iştirak edir. Kiyevdə isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən və bol-bol şəkil çəkdirməyi də unutmayan Akopyanın bu addımının da Rusiyaya qarşı olduğu bildirilir.
Görünür, Ermənistanın siyasi rəhbərliyi son dövrlər baş verən hadisələrdən başını itirib və siyasi manevrlər etmək qərarına gəlib. Naşı, qeyri-peşəkar addımlar isə Moskvanın sərt qəzəbinə tuş gələcəyi günü daha da yaxınlaşdırır…
“Report” İnformasiya Agentliyi
www.RIA24.az