Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasının iştirakçıları sentyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ulu öndərin xatirəsi ehtiramla yad edilərək məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Tədbir iştirakçıları tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
www.RIA24.az