ABŞ-nin Hərbi Dəniz Qüvvələri veteranı, siyasi məsləhətçi, müxtəlif kitabların, habelə qəzet və jurnallarda dərc olunmuş müxtəlif məqalələrin müəllifi Raul Kontereras Nikolas Kristofun “NewYork Times” nəşrindəki məqaləsinə cavab yazıb.
APA xəbər verir ki, “Kontrerasın Hesabatı: 2023-cü ildə soyqırım?” adlı məqalə “Imperial Valles Press”də dərc olunub.
Müəllif məqaləsində yazır: “The New York Times“ qəzeti (2 sentyabr) “ulduz” köşə yazarlarından olan Nikolas Kristofun “…başqa bir ölkə (Rusiyanın Ukraynaya qarşı müharibəsi) diqqətin yayınmasından istifadə edərək, insanlığa qarşı cinayətlər törədirsə? O zaman Azərbaycanla tanış olun” məqaləsini dərc edib.
Kristofun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bilmirəm. O, “Yəqin ki, Azərbaycanın Dağlıq Qarabağ adlı etnik erməni anklavına qarşı qəddarlığı barədə eşitməmisiniz, lakin bu, araşdırılmağa layiqdir” yazıb.
Kristof Azərbaycan və onun işğalçı qonşusu Ermənistanla 30 illik müharibəsi haqqında bildiklərimi bilə bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən erməni hərbi cinayətləri haqqında kitab, ölkə (Azərbaycan – red.) və onun Ermənistanla problemləri haqqında bir neçə məqalə yazmışam.
Mən, həmçinin, Azərbaycan torpaqlarının erməni işğalçıları ilə Azərbaycan qoşunları arasında 500 metr enində heç kim olmayan ərazidə də olmuşam.
Kristof münaqişənin 1980-ci illərdə Ermənistanda onilliklər boyu yaşayan azərbaycanlı müsəlmanların kütləvi surətdə xristian Ermənistandan qovulması ilə başladığını bizə söyləməməklə öz məlumatsızlığını ortaya qoyur.
O, 1988-1992-ci illər arasında Ermənistanın təxminən 200 000 azərbaycanlının Ermənistanda öldürdüyü və ya bu ölkədən qovulduğu barədə bizə məlumat vermir. Üstəlik, 1992-ci ildə Ermənistan (Rusiya qoşunları ilə) Azərbaycan ərazilərinə soxularaq Azərbaycanın 20%-ni, həmçinin, bütün Dağlıq Qarabağ bölgəsini işğal edəndə ermənilər 700-800 min azərbaycanlını ya öldürüb, ya da öz yurd-yuvasından didərgin salıblar. Heç kəsə mərhəmət göstərməyiblər; kişilər, qadınlar və uşaqlar paytaxt Bakıya qaçıblar. Və paytaxtda əhali 2,3 milyon nəfərə qədər artıb, demək olar ki, Ermənistanın bütün əhalisi – 2,7 milyona yaxındır.
Görünür, Kristof BMT-nin 1 milyona yaxın azərbaycanlının öz evindən didərgin salındığını göstərən rəsmi hesabatlarını görməyib. O, 1993-cü ildə ermənilərin işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın böyük dağıntılara məruz qalmasını da görməyib. Onlar mis telefon xətləri, telefon dirəkləri, evlərdən taxta, şüşə pəncərələr, küçə döşəmələri kimi dəyərli əşyaları oğurlamaq üçün erməni işçi briqadalarını göndərdilər və 50 000 əhalisi olan şəhəri yerlə bir etdilər.
Görünür, Kristof BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin bütün Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən və Ermənistanın məhəl qoymadığı dörd ayrı qətnaməsini də görməyib. O, 25 ildən çox müddətdən sonra köçkün azərbaycanlıların öz evlərinə qayıtması üçün Azərbaycanın sıfırdan tikdiyi bütün şəhərləri görməyib, hansı ki, bu ərazilər 2020-ci ildə Azərbaycanın qalib gəldiyi müharibə zamanı ermənilərin yandıraraq geri çəkildikləri ərazilər idi.
Müəllif Kristof tanıdığı bir şəxsin, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun “Dağlıq Qarabağda yaşayan 120 min erməniyə qarşı davam edən soyqırımı var” məqaləsinə əsaslanır.
Okampo məqaləsində yazır: “Aclıq görünməz soyqırımı silahıdır… Dərhal dramatik dəyişiklik olmasa, ermənilər bir neçə həftəyə məhv ediləcək”.
Bütün bunlar ona görədir ki, Azərbaycan 2020-ci il Qarabağ müharibəsindən sonra əldə olunan atəşkəs razılaşmasına görə Ermənistanla Qarabağ arasında icazə verdiyi Laçın yolunu bağlayıb. Niyə? Çünki ermənilər Rusiya tərəfindən qorunan yoldan qaçaqmal keçirmək üçün istifadə edirdilər. Ruslar qeyri-qanuni fəaliyyətləri dayandırmaq üçün heç nə etmədilər. Azərbaycan onları dayandırdı.
Ermənistana yeganə çıxış olan bu yolla bu ölkəyə getmək istəyən, sənədləri düzgün olan ermənilərə tranzit icazə verilir. Bununla belə, Azərbaycan hökuməti Qızıl Aypara Cəmiyyətinə “aclıqdan öldüklərini” iddia edən insanlar üçün ərzaq və tibbi ləvazimatlar olan yük maşınlarının karvanlarına icazə verib.
Ermənilər Qızıl Aypara bayraqları dalğalanan yük maşınlarının karvanlarını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar – ermənilərin məhv etdiyi 50 minlik Ağdam şəhərindən. Onlar “aclıqdan öldüyünü” iddia etdikləri erməniləri ərzaqla təmin etmək üçün yük maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina ediblər.
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, “ermənilərin aclıqdan öldüyünü iddia edən” “mütəxəssis” Luis Moreno Okampoya gəlincə, o, bu əraziyə səfər edə bilməsi üçün azərbaycanlılar tərəfindən verilmiş Azərbaycana giriş vizası almalıdır.
Onun bu ərazilərdə olduğuna dair heç bir sübut yoxdur. Heç bir sübut, heç nə. Mən isə orada hər dəfə Azərbaycan vizası ilə həftələr keçirmişəm”.
www.RIA24.az