Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Təhsil millətin gələcəyidir” mövzusunda ibtidai sinif müəllimlərinin lll forumu keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, təhsil ekspertləri, gənc müəllimlər iştirak ediblər.
Toplantıda əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Forumda çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təhsilin insan həyatındakı rolundan danışıb: “Müəllimlik müqəddəs sahədir. Hər insana müəllim demək olmaz. Müəllim olmaq üçün təkcə bilik yox, xüsusi xüsusiyyətlər də tələb olunur”.
Cəbi Quliyev isə çıxışı zamanı ulu öndər Heydər Əliyevin təhsil sahəsinin inkişafına verdiyi töhfələrdən söz açıb: “Təhsil ümummilli liderin əsas prioritetlərindən biri idi. Heydər Əliyevin təhsil siyasəti bu gün də davam edir”.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsil sahəsində aparılan islahat barədə məlumat verib. Onun sözlərinə görə, hazırda islahatlar davam edir. O, sertifikatlaşdırma prosesinin əhəmiyyətini vurğulayıb: “Bu, müəllimlərdə özünəinam yaratmaqla yanaşı, onların maaşlarının artımına da imkan yaradır”.
Toplantı çıxışlardan sonra bədii hissə ilə davam edib.
Konfransda il ərzində fərqlənən gənc müəllimlərə “Nəsib bəy Yusifbəyli mükafatı” təqdim olunub və sertifikasiya imtahanında 60 bal toplayan müəllimlərin bir hissəsi “Uğur mükafatı” ilə təltif edilib.
www.RIA24.az