Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan ərazilərində – Qarabağ iqtisadi rayonunda – yaşayan ermənilərə göndərdiyi ərzaq yükü ilə dolu avtomobili Bərdədədir.
Yox, texniki məsələ kimi Bərdədən keçməkdən söhbət getmir, vurğunu ona edirik ki, Rusiyanın humanitar yüklərinin Ağdam-Xankəndi yolu ilə hərəkəti gecikir, bir növ Bərdədə “Bərdə” hotelinin yanında stop edilib.
Məsələnin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqələrinin olması istisna deyil. Belə ki, BQXK Rusiya ofisinə təzyiq edərək arxa plandakı missiyasını bir daha əyan etmiş olur.
Rusiya BQXK-nin Ağdam-Xankəndi marşrutu ilə yük daşıması fəaliyyətinin süni şəkildə əngəllənməsi mərkəzi ofisdən verilən gizli təlimatın göstəricisidir.
Mərkəzi ofisin mövqeyi təbii ki, Qərbin müəyyən dairələrinin Ağdam-Xankəndi yolu ilə yük keçidinə maneçilik törətməsi cəhdləri ilə eynilik təşkil edir. Görünür ki, Qərb dairələri BQXK-dən öz məqsədləri üçün vasitə kimi istifadə edirlər.
Belə selektiv yanaşma qəbuledilməzdir və həmin beynəlxalq təşkilatın missiyasını, öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasının sübutudur. Vəziyyətin belə tempdə qalması regiondakı pozuculuq fəaliyyətini körükləyir və regional təhlükəsizliyə, Azərbaycan-Ermənistan sülh gündəliyinə xələl gətirir.
BQXK-nin erməni propaqandasının ifadəçisi olduğu yeni bir hal da deyil. Lakin indi BQXK Qərbin Ermənistanın işğalçılıq siyasətinə dəstək olan dairələrinin mənafelərini ifadə edən növbəti mərhələni nümayiş etdirir.
Yaxşı olar ki, BQXK geosiyasi oyunların aləti olmaq xəttindən ayrılıb, özünün məqsəd və məramını düzgün icra etsin.
Ancaq bunun baş verməsi müşkülə oxşayır, çünki BQXK nəinki tərəfsizlik prinsipini pozur, hətta bir az da irəli gedərək kəşfiyyat fəaliyyəti həyata keçirir və topladığı məlumatları ona diktə edən mərkəzlərə ötürə bilər.
Vəziyyəti gərginləşdirmək BQXK-yə başucalığı gətirmir, əksinə onun onsuz da qaranlıq və çirkabla dolu fəaliyyətini (Azərbaycan-Ermənistan məsələsinə münasibətdə) ifşa edir.
Məsələ, Qərblə Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarına təsir etmək üçün kəskinləşəcək rəqabət trayektoriyasında inkişaf edə bilər.
Azərbaycan isə israrlı, qətiyyətli, qərarlıdır – Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə özünün yurisdiksiyasını təmin etmək Bakının ali məqsədlərindən biridir.
Aqşin Kərimov
www.RIA24.az