BQXK-nin gizli oyunu: “Yazıq” erməni, ərzaq yetişmədi…

Siyasət


Xəbər verdiyimiz kimi, Rusiya Qırmızı Xaç Cəmiyyətinin (QXC) Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ın Xankəndiyə keçidi gecikir.

“Report” xəbər verir ki, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımla yüklənmiş TIR hələ ki, Bərdə rayonunda dayanır.

Belə ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Görünən odur ki, Rusiyanın bu “qardaş” köməyinin qarşısını yalnız Qərb dairələri kəsə bilər. Bölgədə sülhün əldə olunmasını istəməyən, ikili standartlardan çıxış edən Qərb Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əli ilə öz siyasi maraqlarını həyata keçirmək niyyətindədir. Avropa İttifaqı rəsmilərinin aşkar və ziddiyyətli bəyanatları da buna bariz nümunədir. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrelin “Ağdam-Xankəndi marşrutu Laçın yoluna alternativ sayıla bilməz” kimi bəyanatı da bu qəbildəndir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə məsələyə selektiv yanaşmaqla, nəinki öz missiya və öhdəliklərini yerinə yetirmir, hətta Qərb dairələrinin diqtəsi altında pozuculuqla məşğuldur. Bu, onu göstərir ki, təşkilat təyinatı üzrə humanitar deyil, hansısa Qərb təsisatının departamenti kimi mövcuddur. Başqa sözlə, BQXK geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində saplarla idarə olunan kukladır.

Bunun səbəbini anlamaq üçün BQXK-ni təsis edən dövlətlər sırasında kimlərin olduğuna diqqət çəkmək kifayətdir. Götürək elə ermənilərin “bacı”sı rolunu məharətlə ifa edən Fransanı. Bütün dövrlərdə ermənipərəst mövqeyini aşkar şəkildə bildirən Paris “bacı”ları üçün göndərilən ərzağın qarşısını niyə alır? Cavabı çox sadədir. Ona sadə erməninin qarnının ac olması maraqlı deyil, çünki Fransa öz “bacı”sından geosiyasi maraqları naminə istifadə edir.

BQXK dünyanın müxtəlif ərazilərində humanitar missiyaları icra edən beynəlxalq təşkilat olsa da, Azərbaycanda başqa “xidmətlər” göstərir. Hazırda ərzaq dolu yükün də gecikməsi təşkilatın Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair ciddi şübhələr yaradır. Müstəqilliyi şübhə altında olan “humanitar” təşkilatın məkrli planlar arxasınca qaçması, üzərinə götürdüyü humanitar missiyaları riyakar planlar üçün alətə çevirməsi da bunu sübut edir. Çünki hansısa ölkənin düşməninin girə bilmədiyi, orduların müdaxilə imkanlarının olmadığı, casuslar üçün əlçatmaz olan ərazilər, bəlkə də, BQXK üçün o qədər də uzaq görünmür. Ona görə də humanitar missiya adı altında təşkilat mandatından kənar fəaliyyətlərə yönələ və ya yönləndirilə bilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir