Ceyhun Bayramov Folker Türk ilə görüşüb

Siyasət


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 13-də BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə tərəflər arasında Azərbaycan və BMT arasında insan hüquqları sahəsində cari əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov ölkəmizin BMT-nin insan hüquqları mexanizmləri ilə konstruktiv dialoq və qarşılıqlı etimad çərçivəsində fəal şəkildə əməkdaşlıq etdiyini bildirib. İnsan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb. 

Regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdıran Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarından söz açıb, bu kimi addımların bölgədə sülh və sabitliyə xidmət etmədiyini, yerli erməni əhalisinin reinteqrasiyasına əngəllər törətdiyini diqqətə çatdırıb.

Görüşdə 30 ilə yaxın işğal dövründə Ermənistanın müharibə cinayətləri, insanlığa qarşı cinayətlər törətdiyi, o cümlədən etnik təmizləmələr həyata keçirdiyi qeyd olunub.

Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassız olduğu, Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarının, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına törədilən maneçiliklərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin hələ də çıxarılmamasının sülh və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.

Görüşdə, həmçinin, Ceyhun Bayramov münaqişə başa çatmasına və bölgədə sülh perspektivinin yaranmasına baxmayaraq, hələ də insan hüquqları ilə bağlı ciddi problemlərin qaldığını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış yüzminlərlə minanın günahsız insanların həyatına son qoymaqda davam etdiyini, bərpa və quruculuq işlərini, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu əngəllədiyini bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir