Son günlər Cənubi Qafqaz regionunda baş verən hadisələr Ermənistanın artıq dalana dirəndiyini, sülh müqaviləsini imzalamaqdan başqa çarəsinin olmadığını bir daha sübuta yetirir. Şübhəsiz ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 9 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə təcili sülh danışıqları aparmağa hazır olması barədə açıqlaması da bunu bir daha sübuta yetirir. 13 sentyabr tarixində isə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan da oxşar açıqlama verib. Jurnalistlərlə söhbətində erməni deputat qeyd edib ki, rəsmi Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verməyib. Bununla yanaşı, Ermənistan sülh danışıqları masasına qayıtmağa hazırdır. Bəs görəsən, Ermənistan hökumətini və xüsusən də baş naziri qəflətən “sülh göyərçin”inə çevirən səbəblər hansılardır?
Xarici siyasətdəki ard-arda uğursuzluqlar
Son dövrlər Ermənistan hökuməti xarici siyasət kursunda kardinal dəyişiklik edərək, strateji müttəfiq axtarışına çıxmışdı. Hər dəfə Rusiyanı baş verən məsələlərdə günahlandıran Ermənistan hakimiyyəti üzünü Qərbə tərəf tutsa da, tutarlı cavab ala bilməmişdi. Ümidini Ermənistanda ABŞ hərbçiləri ilə birgə keçirilən təlimə bağlayan Paşinyan bu addımı ilə Rusiyaya qarşı oyun oynasa da, Cənubi Qafqazda “peşka” olduğu ona bir daha xatırladılıb. Belə ki, KTMT-nin Belarusdakı təlimindən imtina edərək ABŞ hərbçiləri ilə Ermənistanda təlimə razılıq verən siyasi rəhbərlik Rusiyanın qəzəb “oxu”na tuş gəldi. Bu məsələdən dərhal sonra Rusiya XİN və bir sıra iri ranqlı siyasətçilər məsələ ilə bağlı tənqidi fikirlərini səsləndirdilər. Hələ bu da azmış kimi, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun iclasında Ermənistanla bağlı bir sıra açıqlamalar verib. Rusiya lideri baş verən məsələlərlə bağlı birbaşa Paşinyanın günahkar olduğunu qeyd etməklə yanaşı qeyd edib ki, son hadisələrlə bağlı Paşinyan ona məktub göndərib. Amma Nikol Paşinyan sərhəd gərginliyi məsələsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makrona, İran, Gürcüstan liderləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları aparıb. Əvvəllər hər hansı bir gərginlik yarananda Nikol ilk olaraq Putinə zəng etsə də, bu dəfə ənənəsini pozub və Putin eyhamla bunun nəzərindən yayınmadığını bildirib. Putinin açıqlamaları isə erməni müxalifəti üçün göydən düşmə sayılıb və artıq müxtəlif platformalarda Rusiya prezidentinin açıqlamaları şərh olunaraq Paşinyanın səhvləri bir-bir göstərilir.
Rusiyanın təhdidi
Putindən əlavə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da Ermənistanla bağlı müxtəlif açıqlamalar verib. Rusiyalı diplomat Ermənistanın hələ də Rusiyanın müttəfiqi və dostu olduğunu qeyd etməklə yanaşı, hədələməyi də unutmayıb. Zaxarova bildirib:
“Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkə xalqının arasını vurmaq üçün fəlakətli planları yoxdur. Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, Ermənistan üçün fəlakətli olardı”.
Son günlər Kremllə bütün ipləri qoparmaq, üzünü Qərbə tutmaq, KTMT alyansını tərk etmək, Rusiya sülhməramlılarını regiondan çıxararaq, fransalı sülhməramlıların əraziyə yerləşməsini təmin etmək kimi xam xəyallar quran Paşinyana bundan gözəl cavab ola bilməzdi. Zaxarova açıq-aşkar Ermənistan rəhbərliyini təhdid edərək, Ermənistanın Qərbə doğru siyasi kursunun bu ölkə üçün fəlakət olacağını bildirib.
Necə deyərlər, xoruzun quyruğu da burada görünür. Elə son günlər Ermənistan-Rusiya münasibətlərində gərginliyin yaşandığı bir dövrdə Qarabağdakı erməni separatçılarından sayılan Ruben Vardanyanın da aktivləşməsi nəzərdən yayınmayıb. Artıq açıq-aşkar Nikol Paşinyan əleyhinə bəyanatlar verən Vardanyan da Ermənistan müxalifətinə züy tutaraq, yeganə həll yolunun baş nazir və komandasının istefası olduğunu bildirir.
Qərbin israrı
Ötən həftə Qarabağdakı erməni separatçılarının qondarma prezident seçkisi keçirməsi də Paşinyanın işini bir az da çətinə saldı. Bu “seçki”dən sonra Qərb dövlətləri, BMT, Asiya ölkələri, Gürcüstan bəyanatlar səsləndirərək onu tanımadıqlarını bildirdilər. Son olaraq isə İranın da bu axına qoşularaq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu bildirməsi, Ermənistanın regionda təklənməsi mənasına gəlir. Şübhəsiz ki, bu səbəbdən də erməni müxalifəti Nikol Paşinyanı “Qarabağın yeni prezidenti”ni təbrik etmədiyi üçün ittiham edib. Paşinyan cəbhəsi isə cavab olaraq qeyd edib ki, Şahmaranyan “prezident” yox, Qarabağ ermənilərinin lideridir və onun üzərinə danışıqlar aparmaq kimi ağır bir yük qoyulub. Çünki Nikol da yaxşı anlayır ki, hazırkı vəziyyətdə hər hansı bir təbrik cümləsi Azərbaycanın səbir kasasını daşıra bilər. Səbir kasasının daşması yeni hərbi əməliyyatlarla nəticələnər və hazırda sosial-siyasi böhran keçirən Ermənistan üçün isə bu əməliyyatlar növbəti fəlakət olacaq.
Rusiya hökumətinin ərzaq yükünün Əsgəran yolu ilə Xankəndiyə daxil olmasından sonra Avropa və ABŞ rəsmilərinin Laçın yolu və Ağdam-Əsgəran-Xankəndi yolunun eyni anda açılmasının vacibliyini qeyd etmələri də nəzərdən yayınmayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel qeyd edib ki, Ağdam-Əsgəran marşrutunun açılması Laçın yolunun işinin bərpasına töhfə verməli olan mühüm addımdır. Bu isə artıq Avropa üçün Ağdam-Əsgəran yolunun açılmasının daha vacib olduğu mənasına gəlir. Açıqlamadan da göründüyü kimi, Avropa üçün artıq Laçın yolu ikinci plana keçib. Çünki BMT və Aİ Azərbaycanın ərazi bütövlüyünə sadiqlik prinsipi yenidən təsdiqləyiblər. Belə olduğu halda isə Qarabağa hansı yolun getməsinə Azərbaycan qərar verir. Azərbaycanın isə mövqeyi Ağdam-Əsgəran olduğu üçün, Aİ də bu yolu ilk plana keçirib.
Elə eyni anda da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də oxşar bəyanat səsləndirərək, hər iki yolun vacibliyindən danışıb. Ermənistan parlamentinin xarici əlaqələr şöbəsinin müdiri Xandanyanın da Qarabağa gedən alternativ yolla bağlı “Ermənistan bu məsələyə qarışmamalıdır” açıqlamasına da bu kontekstdən yanaşmaq lazımdır. Artıq Ermənistanın siyasi rəhbərliyi də Qarabağla bağlı məsələlərə sırf Azərbaycan tərəfindən qərar verilməli olduğunu dolayı yolla etiraf edir.
Tək çıxış yolu
Yuxarıda sadalananlardan da aydın olur ki, artıq Ermənistanın Laçın yolu ilə bağlı siyasi manipulyasiyası tarixə qərq olur. Azərbaycanın şərti sərhədə ordu yığması və müharibəyə başlayacağı barədə uydurulan yalan da sonuncu dəfə İran tərəfindən rəsmi şəkildə təkzib edildi. Bu isə Paşinyan və Ermənistanın siyasi rəhbərliyinin dalana dirənməsindən, artıq ortaya atacaq başqa yalan olmamasından xəbər verir. Bəlkə də elə bu səbəbdəndir ki, çıxış yolu olmayan Ermənistan yeganə yolunun Azərbaycanla sülh danışıqlarına getmək və sülh müqaviləsi imzalamaq olduğunu dərk edir. Üz tutduğu Qərb və Rusiyadan istədiyi dəstəyi ala bilməyən Ermənistanın tək yolu Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaqdır…
“Report” İnformasiya Agentliyi
www.RIA24.az