Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
Verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu toponim quşçu türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Pəmbək sözü “dərədə quşçu tayfasının yaşadığı kənd” mənasını ifadə edir və etnotoponimdir, quruluşca mürəkkəb toponimdir. Kəndin qədim tarixə malik olduğu diqqətə çatdırılaraq o da vurğulanıb ki, buradakı albanlara, oğuzlara məxsus qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatıb.
Bildirilib ki, Basarkeçər rayon mərkəzindən 24 kilometr şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşən Pəmbək kəndi bütün Göyçə mahalının aranı hesab edilib. Kənd başdan-başa meyvə ağaclarından ibarət olub. Burada bitən alma, armud, ərik, gavalı, gilas, qoz, üzüm və sair öz tamı və ətri ilə digər yerlərin meyvələrindən tamamilə fərqlənib. Pəmbək meşələrində də çır alma, armuddan başqa qarağac, keçiməməsi, itburnu və ya zincirli, qoyungözü, iydə və çaytikanı kimi min dərdin dərmanı hesab olan meyvə və giləmeyvə ağacları olub. Arxası meşəli yüksək dağlara söykənmiş kəndin ətəyi isə saf, dumduru suyu olan Göyçə gölünə birləşib. Bu gölün təmiz və şirin suyu adı dillər əzbəri olan balıqlarla zəngin olub. Pəmbək kəndində yaşayan azərbaycanlıların 1988-ci ildə deportasiyaya məruz qaldığı, öz tarixi-etnik torpaqlarından qovulduğu vurğulanıb.
Verilişdə Göyçə mahalının ən isti kəndi sayılan Pəmbəkin qəribə adətlərindən, həmçinin bir qayaüstü rəsmin bütün kəndi tilsimdə saxlamasından, bu yaşayış məntəqəsi sakinlərinin şəkərli diabet xəstəliyinə tutulmamalarından, kəndi şər qüvvələrdən qoruyan sehrli daşdan söhbət açılıb. Verilişdə Pəmbək kəndinə məxsus mətbəxin fərqli nümunələri təqdim olunub, qış tədarükü, mövsümi hazırlıqlar göstərilib.
Həmçinin kəndin etnik mədəni tarixini təcəssüm etdirən dekorativ-tətbiqi sənət növləri, el oyunları, adətlər və aşıq yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Pəmbək kəndinin sakinləri tutduqları mövqedən, mənsub olduqları yaşdan asılı olmayaraq, bu yaşayış məntəqəsinin tarixini, adətlərini xatırlayır, yaşadır və özlərindən sonra gələnlərə ötürürlər. Bununla təkcə Pəmbək kəndini yaşatmır, eyni zamanda Böyük Qayıdış üçün də əsaslı zəmin yaradırlar. Verilişdəki müsahibə və çıxışlarda bu məqamlar daha qabarıq tərzdə özünü əks etdirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
www.RIA24.az