“ABŞ “humanitar fəlakət” adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq və öz oyunlarını oynamaq istəyir”.
“Report” xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosenti Zaur Məmmədov deyib.
“Vaşinqtonda bu il baş tutan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Antoni Blinkenin də iştirak etdiyi görüşlərdə çox yaxşı ab-hava yaranmış və ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli, daha rasional yanaşma orta qoyaraq, Azərbaycanın tezislərinin əksəriyyətini nəinki qəbul etmiş, o cümlədən əsas prinsiplərin həyata keçirilməsi üçün əməli addımlar da atmışdı. Lakin, çox təəssüflər olsun ki, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və səyi nəticəsində Blinken geri çəkilməyə qərar verib.
Çox guman kı, bu gün Lui Bononun Bakıda bağlı qapılar arxasında dedikləri Vaşinqton və Bakı arasında Senatda 2 gün qabaq baş tutan çıxışdakı qərəz ab-havasını yumşaltmadı, əksinə daha da möhkəmlətdi. Hazırda Azərbaycanın ABŞ, Avropa İttifaqı və Rusiyadan eşitmək istədiyi ilk prinsip: ölkənin suverenliyinin və ərazi bütövlüyünün prioritetliyi, digər məsələlərə isə, məhz bu aspektdən yanaşılması tələbidir”, – Z.Məmmədov bildirib.
Onun sözlərinə görə, son zamanlar Qərbin məsələlərə yanaşmasında ərazi bütövlüyü və suverenlik prinsipləri unudulur:
“Prinsip etibarilə, iki gün qabaq ABŞ Dövlət Departamentinin köməkçisi Y.Kimin “Dağlıq Qarabağ xalqının hüquqları” terminindən istifadə etməsi, onun həmkarlarının hansı düşüncədə olduğunun göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımda günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Həmin çıxış və ondan əvvəl – sonra Vaşinqtonun məsələlərə yanaşması bu ölkənin Azərbaycanla bağlı beynəlxalq hüququ kənara qoyduğunun göstəricisidir”.
Politoloq xatırladıb ki, Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirməyib:
“Senatda Laçın yolunun guya bağlandığı və Qarabağda ermənilərin ac olduğunu bildirən amerikalı senatorlar və hökumət nümayəndələri növbəti şouları ilə MDB məkanında öz imiclərini sual altına qoymuş oldular. Çünki nəinki Azərbaycan ictimaiyyəti, o cümlədən, separatçılıqdan əziyyət çəkən digər dövlətlərin hakimiyyətləri də, Senatdakı bu çıxış fonunda okeanın o tayı ilə münasibətləri haqqında düşünməli oldular”.
“Beləcə, çox təəssüf hissi ilə qeyd edirəm ki, regionda sülh və sabitlik erasına başlama şansımız olduğu bir vaxtda Fransanın və ABŞ-dəki ermənipərəst qüvvələrin atdığı addımlar separatçıların arxayınlaşması ilə nəticələnə bilər.
Azərbaycan onsuz da bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq və kimin nə deməsindən asılı olmayaraq biz haqq yolumuzdan dönməyəcəyik. 3 il əvvəl olduğu kimi, bu dəfə də zəfərdə yanımızda kimlərin olmasına baxacağıq. Regionda geosiyasi maraqları olan qüvvələr o halda maraqlarını qoruyacaqlar ki, proseslərdə obyektivlik nümayiş etdirsinlər”, – Z.Məmmədov əlavə edib.
www.RIA24.az