“BMT-yə üzv olan 200-ə yaxın dövlət bir-birinin suverən ərazilərini tanıyıb və beynəlxalq hüquqa hörmət edəcəkləri ilə bağlı öhdəlik götürüb. Əslində beynəlxalq hüquq hamı üçün eyni olmalı, ölkələrin suverən ərazi bütövlüyünün pozulması hamı üçün qırmızı xəttə çevrilməlidir. BMT ilk baxışdan məsələlərin müzakirəsində və qərarların qəbul olunmasında fəaliyyəti beynəlxalq hüquq üzərində qurmuş təşkilat kimi görünsə də, reallıqda bu təşkilat ABŞ-nin siyasətinə uyğunlaşdırılıb”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul olunan qərarlara selektiv yanaşılır, bu qərarlar bəzi ölkələrlə münasibətdə dərhal icra olunur, bəziləri ilə münasibətdə isə münaqişələrin dondurulması və işğalın əbədiləşdirilməsinə xidmət edir:
“ABŞ BMT-nin siyasətini öz istəyinə uyğun istiqamətləndirməklə dünyanı bir qütblü etməyə çalışır. Belə ki, Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasının əsas səbəbkarları ABŞ və Fransa olub. BMT TŞ-nın dörd qətnaməsinin 28 il kağız üzərində qalması və üç il əvvəl müharibənin baş verməsini labüdləşdirən ABŞ indi açıq müstəvidə separatçılığı dəstəklədiyini nümayiş etdirir. ABŞ ilk baxışda separatçılığa qarşı mübarizə apardığını və ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinə qarşı olduğunu nümayiş etdirir. Məsələn, Gürcüstanda Abxaziya və Osetiyanı, Moldovada Dnestiryanını, Ulkraynada Luqansk və Donetskin müstəqilliklərinin mümkünsüz olduğunu bildirir. Amma ABŞ-nin müdaxiləsindən sonra dövlətlərin suverən əraziləri qoparılır və beynəlxalq hüquq pozulur. Bu gün Ukrayna ərazilərinin 25%-nin itirilməsinin əsas günahkarı ABŞ-dir. ABŞ Ukraynaya 100 milyardlarla yardımlar edərək, ilk baxışda Ukraynanın ərazi bütövlüyünün qorunmasına dəstək verdiyini nümayiş etdirsə də verdiyi yardım əsasən silahlar və hərbi texnikalar olmaqla Ukraynanın şəhərlərinin yer üzündən silinməsinə və 100 minlərlə insanın ölməsinə, milyonlarla ukraynalının qaçqına çevrilməsinə yol açır. ABŞ Ukraynanın yaxşı gələcəyini istəsəydi verilən yardımı müharibədən əvvəl Ukraynanın çiçəklənməsinə istiqamətləndirərdi və bu gün oralar cənnət olardı, heç bir müharibə də baş verməzdi”.
Deputat düşünür ki, Ukraynada ABŞ-nin qurduğu plana uyğun olaraq “narıncı inqilab”la başlanmış qeyri-sabitlik sonu görünməyən ölümcül müharibəyə çevrilib:
“Əslində ABŞ Ukrayna müharibəsini stimullaşdırmaqla Rusiyanı Qərb bazarlarından təcrid etmək planını həyata keçirmiş oldu. Bu gün tətbiq olunmuş sanksiyalarla Rusiya SWIFT-dən ayrılıb, dünya bazarında payını minimuma endirib. Əvəzində isə ABŞ özünün Avropa bazarında mövcudluğunu genişləndirib, onları daha bahalı və zərərli malların alınmasına məcbur edib. Belə ki, Avropa bazarının qazla təchizatında ən ucuz və münasib mənbə Rusiya idi. Rusiyanı Ukrayna müharibəsinə cəlb etməklə ABŞ özünün zərərli maye qazını daha baha qiymətə avropalılara satır. Avropanın sənaye istehsalını böhrana sürükləməklə özünün istehsal etdiyi sənaye malları ilə Avropa bazarını tutub. Nəticədə, Avropa işsizlik və miqrant problemi ilə üzləşərək, Avropa İttifaqının yaranmasından sonrakı ən böyük sosial-iqtisadi böhrana sürüklənib”.
Deputat deyib ki, ABŞ siyasətinin əsasında islamofobiya əsas yer tutur:
“ABŞ öz xoşbəxt həyatlarını yaşayan ölkələrdə rəngli inqilablar edir, inqilablar alınmayan ölkələrə isə müxtəlif bəhanələrlə silahlı müdaxilələr edərək, milləti və dövlətləri məhv edir. Əfqanıstanı 20 il işğal altında saxlayan ABŞ “Taliban”ı gücləndirdi və sonda özünün böyük hərbi arsenalını onlara saxlayaraq ölkədən çıxdı. Əfqanıstan bu gün özünün ən çətin dövrünü yaşayır. ABŞ İraqa və Liviyaya kimyəvi silahlar adı altında daxil oldu və milyonlarla insanı qətlə yertirərək, bu ölkələri yerlə-yeksan etdi. Nəticədə, ABŞ bu ölkələrin təbii resurslarını talayıb aparır və müharibəyə xərclədiklərindən dəfələrlə çox qazanc əldə edir. Suriyanı dağıtmaq planları nəticəsində bu gün böyük iqtisadiyyata malik olmuş bu ölkə məhv edilərək müharibə meydançasına çevrilib. İranı nüvə silahı istehsalı adı altında uzun illər sanksiyalara məruz qoyan ABŞ bu ölkəni dünyadan təcrid etməklə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. O cümlədən, Cənubi Amerika və Afrika ölkələrində də ABŞ güc yolu ilə öz siyasətini yürüdür. ABŞ Türkiyədə FETÖ-nü hakimiyyətə gətirmək üçün çox çalışdı. Amma Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-nin çirkin planlarının qarşısını vaxtında alaraq Türkiyəni ABŞ-nin qurbanına çevrilməkdən xilas edə bildi. Məhz bu gün Türkiyənin iqtisadiyyatında yaranmış çətinliklərin səbəbkarı ABŞ-dir. ABŞ varlanmaq üçün digər ölkələrə obyekt kimi baxır”.
Azər Badamov vurğulayıb ki, Azərbaycanda da rəngli inqilabın edilməsi üçün ABŞ-nin öz planı olub:
“Uzun illər radikal müxalifəti maliyyələşdirərək Azərbaycanda hakimiyyət dəyişikliyi etməyə çalışan ABŞ bu plandan bir nəticə alınmadığına görə sonradan LGBT, feministlər və “NO WAR”çıları qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə maliyyələşdirməklə ölkədə siyasi sabitliyi pozmaq cəhdlərini davam etdirməkdədir. Amma ölkəmizdəki xalq-iqtidar birliyi ABŞ-nin bütün çirkin planlarına qalib gəlir və dövlətin məhv olunmasına heç kimə imkan vermir. 44 günlük Vətən müharibəsində öz torpaqlarını erməni işğalından azad edən Azərbaycan pozulmuş beynəlxalq hüquq normalarını öz gücü ilə bərpa etməyə məcbur olub. Amma ABŞ və Fransanın erməni separatizmini dəstəkləməsi nəticəsində ermənilər yenidən ruhlanır və regionda sülhün yaranmasını kölgə altına salırlar. 9 sentyabrda Qarabağda keçirilmiş qondarma seçkini dünya birliyi qəbuledilməz hesab etsə də ABŞ susqunluğa üstünlük verib, sonradan departamentin bir əməkdaşı səviyyəsində açıqlama verərək münasibətini ifadə edib. Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasına töhvə vermək adı altında dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşlərdə əldə olunan razılaşmalar erməni lobbisinin təsiri altında sonradan heçə endirildi. Belə ki, ABŞ Dövlət Departamenti 1 sentyabrdan Ağdam-Xankəndi yolu və bütün kommunikasiyaların açılacağını deyirdisə, sonradan ermənilərin təsiri altında fikirlərini dəyişərək, həm Konqressdə, həm də Dövlət Departamentində ancaq Laçın yolunun açılmasını tələb etdiyini bildirir”.
ABŞ-nin dünyada bütün məsələləri özünün diktəsi ilə həll etməyə çalışdığını vurğulayan deputatın sözlərinə görə, Azərbaycan uzun illər ərazilərin işğalına olan ədalətsiz münasibətə səbirlə yanaşaraq, böyük təmkin nümayiş etdirib:
“İndi isə suveren ərazilərimizin bütövlüyü təmin edilib və bundan sonra ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Qarabağın ermənilər yaşadığı əraziləri Azərbaycanın suveren torpaqları olduğundan burada açılan bütün yollar ölkəmizin daxilinə uzanmalıdır. ABŞ üçün əslində bölgədə maraqlı ölkə Azərbaycandır. Bu gün Azərbaycanla əməkdaşlığın genişləndirilməsi ABŞ-nin dövlət siyasətinin əsasında dayanır. Amma bir qrup separatçını razı salmağı bacarmayan və ya razı salmaq istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. ABŞ və Fransa separatizmi dəstəkləməklə Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiya olunmasına mane törətməyə çalışırlar. ABŞ erməni separatizmi dəstəkləməklə dövlət siyasətinin əksinə gedərək, özünü regional proseslərdən təcrid edir. Təlimlərə qatılan ABŞ Ermənistanı Suriyaya və ikinci Ukraynaya çevirmək istəyir”.
Deputat qeyd edib ki, dünyada ABŞ-nin müdaxilə etdiyi hər bir ölkədə sabitlik əbədi olaraq pozulub:
“Ermənistanı da Suriyanın və Ukraynanın taleyi gözləyir. ABŞ proseslərə dəstək verir və ölkə məhv olanda uzaqlaşır. Bunu Gürcüstanda və digər yerlədə görmüşük və eyni ssenari Ukraynada davam edir. Ukrayna torpaqlarının 25% -i işğal altına düşəndən sonra geri çəkilməyə çalışaraq, Kiyevi reallıqla barışdırmağa çalışır. Azərbaycanın üstünlüyü ölkədəki milli birliyin və həmrəyliyin sarsılmazlığındadır. Bu birliyi heç bir xarici qüvvə sarsıda bilməz. Məhz milli birlik və həmrəylik 44 günlük Vətən müharibəsində qalib gəlmiş və bundan sonra da ölkəmizin güclənməsi və çiçəklənməsində əsas amil olaraq qalacaqdır. Azərbaycanın mövqeyi dəyişilməzdir və heç bir dairə iradəmizi sındıra bilməz”.
Aysel Aslan
www.RIA24.az