Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 5-6 may tarixlərində İrəvana, 10-11 may tarixlərində isə Bakıya səfəri gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 29-da brifinqdə deyib ki, S.Lavrovun keçirdiyi görüşlərdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası müzakirə ediləcək.
Niyə birinci İrəvan?
Lavrovun səfər marşrutuna İrəvandan başlaması onu göstərir ki, Kremlin portfelində ilk növbədə Ermənistanın üçtərəfli bəyanatların icrasına dair hazırlıq səviyyəsini təftiş etmək üçün sənədlər var.
Bundan sonra isə Lavrov Azərbaycana gəlməklə Ermənistanın üzdə olan və pərdəarxası mövqeyini rəsmi Bakının diqqətinə çatdıracaq.
Lavrovun növbəti region turu baş verən bir neçə hadisə və Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi açıqlamalar fonunda nəzərdən keçiriləndə maraqlı məqamları önə çıxarmaq olar.
İlham Əliyevin xəbərdarlıqları Rusiyanı da hərəkətə gətirir
Birincisi, aprelin 20-da İlham Əliyev AzTV-yə müsahibəsində demişdi ki, Ermənistan istəsə də, istəməsə də, Azərbaycan Zəngəzur dəhlizini icra edəcək.
Ermənistan tərəfi isə bildirir ki, Zəngəzur dəhlizindən söhbət getmir, yalnız iqtisadi blokadadan çıxmaq və dəmir yolu xəttinin çəkilməsi İrəvanın gündəliyində dayanan məsələdir.
Bu mövqenin arxasında parlament seçkiləri öncəsi Paşinyan hakimiyyətinin erməni cəmiyyətini sakitləşdirmək niyyətləri də dayana bilər, lakin Ermənistanın iqtisadi açılımlar kontekstində mövqeyi ümumilikdə qeyri-adekvatdır.
Çünki məhz dəhliz Ermənistanı blokadadan çıxara bilər, dəhlizin reallaşmasında isə rəsmi Bakı israrlıdır və buna təkid edir.
İkincisi, İlham Əliyev aprelin 26-da Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında çıxış edərkən Ermənistanın Zəngilan istiqamətində təxribatlar törətdiyini xatırladıb və İrəvana sonuncu xəbərdarlığını edib.
“Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”, – deyə Prezident bildirib.
Elə həmin tarixdə İlham Əliyevin Zəngilana səfəri zamanı Zəngəzur dəhlizinin marşrutunu daha aydın və konkret ifadə edib. Prezident qeyd edib ki, Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək.
Bu açıqlamaların ardınca isə Azərbaycan ordusunun Rusiya sülhməramlıların nəzarətində olan bəzi ərazilərdə mövqeləri irəli çəkməsinə dair məlumatlar yayıldı. Rusiya sülhməramlıların Qarabağda qalan erməni hərbi birləşmələrinin qol-qanaq açmasına şərait yaradan fəaliyyətinə rəğmən Azərbaycan tədricən istəyinə nail olur.
Onsuz da Azərbaycanda Rusiya sülhməramlıların fəaliyyətindən narazılıqlar var, çünki onlar mandatından və funksiyasından kənara çıxan addımlar atırlar.
Buna görə də, Azərbaycan haqlı etiraz səsini ucaldır, əks təqdirdə isə Qarabağdan çıxmayan erməni qoşunlarına qarşı hərbi əməliyyat planını gündəliyə daşıyır.
Azərbaycanın ardıcıl və sistemli mövqeyi artıq Rusiyanın da manipulyasiya imkanlarını azaldır və Moskva üçün təcili olaraq erməni qoşunlarının çıxarılmasını təmin etmək aktuallaşır.
İndi Lavrovun portfelində həmin məsələlərin konkretləşdirilməsinə dair Moskvanın mövqeyi olacaq.
Moskva Ermənistanı inandırmağa çalışacaq ki, kommunikasiyaların rahat tempdə açılması üçün İrəvan təxribatlara son verməli, Zəngəzur dəhlizinin önəmini dərk etməlidir.
Bakının gələcək mövqeyi Lavrovun səfərindən asılı deyil, Rusiyanın baş diplomatının səfəri Bakının növbəti hərbi addımlar atacağı üçün əlinin gücləndiyi zamanda Ermənistanı bundan xəbərdar etməkdir.
Təbii ki, Lavrov həm də sülhün vacibliyi üçün hərbi variantın ehtiyatda saxlanılmasını Bakının da diqqətinə çatdıracaq. Lakin Azərbaycan sülhməramlıların fəaliyyətindən və Ermənistanın tutduğu mövqedən asılı olaraq adekvat addımlar atacaq.
“İskəndər-M” gündəlikdə olacaq
Azərbaycan Şuşaya atılan “İskəndər-M” raketi ilə bağlı Moskvaya sorğu göndərsə də, Kremldən buna dəqiq və aydın izah verilməyib.
Sözsüz Rusiya XİN rəhbərinin səfərində “İskəndər-M” ətrafında yaranan situasiyanın müzakirəyə çıxarılması da gözlənilir və Azərbaycan Lavrovdan izahat istəyəcək.
Nəticə
Rusiya diplomatiyasının “ağır artilleriyası” Lavrov Azərbaycanın xəbərdarlıqları kontektsində Moskvanın nəbzini Bakının maraqları ilə uzlaşdırmağa çalışacaq.
Ermənistana isə son xəbərdarlıqlar ediləcək, çünki Zəngəzur dəhlizinin reallaşması Rusiya üçün də əlavə iqtisadi dividendlər deməkdir.
Aqşin Kərimov