Proseslərə “Qızıl Xaç” çəkildi: Gərginlik azaldımı? – TƏHLİL

Siyasət


Laçın-Xankəndi yolu ilə paralel olaraq Ağdam-Xankəndi yolu humanitar məqsəd üçün ikinci dəfə açıldı – Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzünə.

Bundan əvvəl də Qızıl Xaç Komitəsinin Rusiya ofisi Ağdam-Xankəndi yolu ilə TIR keçirmişdi.

Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya riskinin artdığı zamanda BQXK üçün paralel “açılış sürprizi” sülhün bərqərar olacağı ilə bağlı ümidverici siqnalların səsini gurlaşdırır.

Diqqət ediləsi məqamlar:

– Ermənistan Azərbaycan şərti sərhədində gərginlik var;

– Bakı İrəvana bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün çağırışlarını intensivləşdirir;

– Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilər ölkəni tərk edirlər, onların arasında qeyri-qanuni hərbi birləşmələrin nümayəndələri də var;

– Nəhayət, bunların fonunda Azərbaycanın tələb etdiyi, şərt kimi irəli sürdüyü Ağdam-Xankəndi marşrutu ikinci dalğada açılır.

Humanitar təchizat xətlərindəki açılım prosesi Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq öhdəliklərinin sürətli icrası istiqamətinə yön alır.

Həmin məcra Azərbaycanın Qarabağda tamhüquqlu və hərtərəfli suverenlik hüquqlarının bərpasındakı elementləri çoxaldan faktordur və bunun bloklanması cəhdləri müşahidə edilir.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 18-də yaydığı məlumata əsasən:

– Qanunsuz silahlı birləşmələr Ağdam rayonu istiqamətindəki səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər;

– Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Yəni Ağdam-Xankəndi yolu ilə paralel “Laçın” sərhəd buraxılış-məntəqəsinin paralel iş rejimi hələ Qarabağda və Ermənistan-Azərbaycan şərti sərhədindəki hərbi gərginliyin azalacağı nəticəsini çıxarmağa əsas vermir.

Lakin baş verənləri – BQXK-nın yük daşımalarını – gərginliyin mümkün yumşaldılması variantlarından biri kimi qiymətləndirmək lazımdır.

Belə tendensiya sərfəli variantdır ki, Azərbaycan-Ermənistan zərif sülh gündəliyi ilə bağlı rəqabət aparan tərəflər səylərini birləşdirib bir-birindən kifayət qədər məsafədə yerləşən məsələləri həll etsinlər.

“Bəs bu mümkündürmü, kompromislər əldə olunacaqmı?” sualına birmənalı cavablar vermək olmur, çünki regional kövrəkliklər öz yerini möhkəm təhlükəsizlik zəminlərinə verməyib.

Rusiya proseslərə Ağdam-Xankəndi yolunda “Qızıl Xaç” çəkdikdən sonra ABŞ-dən Ermənistana qahmar çıxan rəsmi reaksiyalar arxa planda rəqabətin kəskinləşəcəyini və bunun uzunmüddətli perspektiv üçün qalacağı ehtimallarını artırır.

Halbuki, sentyabrın 1-dən paralel şəkildə yolların işə salınacağı gözlənilirdi – buna ABŞ-də razılığını vermişdi.

Lakin hadisələrin sonrakı axarında ABŞ Rusiya ilə Ermənistan arasındakı gərginlikdən vəcdə gələrək Qarabağdakı separatçıların qalıqlarını körükləyən mövqeyə kökləndi.

ABŞ, Fransa kimi ölkələr isə razılaşmanın tələblərinin yerinə yetirilməsinə səy göstərmək əvəzinə, Azərbaycana çox ciddi təzyiq yolunu tutdular və yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürməyə başladılar.

Bundan sonra, təhdid ehtimallarının reallaşmaması üçün Azərbaycan və Ermənistan kritik fikir ayrılıqlarını aradan qaldırıb regionda uzunmüddətli razılaşmanın detallarını işləyib-hazırlamalıdırlar.

Rəsmi Bakının bu istiqamətlər üzrə kifayət qədər əhatəli təklifləri var, İrəvandan isə buna adekvat olmayan mövqelərin səslənməsi prosesi ləngidir.

Ermənistan Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsində beynəlxalq mexanizmlər vasitəsilə müdafiə olunması tezisini təkrarlamağa davam edə bilər. Hərçənd ki, Azərbaycanın təklifləri, onsuz da, beynəlxalq hüquqa əsaslanır. İrəvanın bundan imtina edərək “beynəlxalq mexanizm” deməsi regiona oyunçular cəlb edib gərginliyi şişirtmək və bundan uduşlu çıxmaq cəhdləridir. 

Bakı bu cəhdləri boğmağa davam edəcək, bu hərəkətlərini Azərbaycanda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin Konstitusiya ilə əhatə olunduğunu yeni təkliflər əsasında danışıqlar masasına qoyacaq.

Ermənistan-Azərbaycan şərti sərhədindəki gərginlik fazasına gəlincə, bu artıq əlahiddə mövzunun predmetidir…

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir