Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
Bununla bağlı Prezident İlham Əliyev tərəfindən bu gün etimadnaməsi qəbul edilən Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç məlumat verib.
“Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim. O qeyd etdi ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin – Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu münasibətlə dəvət etmək niyyətindədir. Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi təşəbbüsü olub və sammit Sizin üçün, Azərbaycan Respublikası və Serbiya Respublikası üçün tarixi əhəmiyyət kəsb edəcək”.