Prezident İlham Əliyev Serbiya şirkətlərini işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə qoşulmağa dəvət edib.
“İkitərəfli münasibətlərə gəldikdə əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik. Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq”, deyə İlham Əliyev Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən bildirib.
“Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata keçirməyi arzulayıram”, – deyə Prezident qeyd edib.