Elçin Əmirbəyov: “Səbrin də bir sonu var”

Siyasət


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov müxtəlif xarici KİV-ə, o cümlədən Fransanın “Radio France Internationale” radiosuna, “l’Opinion” qəzetinə, “France 24” televiziya kanalına, İsrailin “Israeli Public Broadcasting Corporation” teleradio şirkətinə, İsrail Müdafiə Qüvvələrinin rəsmi radiostansiyası olan “Qaley Tzahal”a, həmçinin, ərəbdilli “Asharq News”, “Almash’had TV” və “Al Jazeera” kanallarına verdiyi müsahibələrdə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin səbəblərini ətraflı izah edib.

Oxu.Az xəbər verir ki, Elçin Əmirbəyov antiterror tədbirlərinin məqsədlərindən danışarkən vurğulayıb ki, hədəf 30 ildən artıqdır ki, Ermənistanın qanunsuz hərbi kontingentinin yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində təhlükəsiziliyi təmin etməkdir.

Azərbaycan rəsmisi bildirib ki, Ermənistanın qanunsuz hərbi kontingenti hələ ötən əsrin 90-cı illərinin əvvəllərində dövlətimizə qarşı hərbi təcavüz və qeyri-insani etnik təmizləmə siyasəti həyata keçirib.

O vurğulayıb ki, Azərbaycan tərəfindən dünya ictimaiyyətinə çoxsaylı çağırışların edilməsinə baxmayaraq, son üç ilə yaxın müddətdə Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni hərbi mövcudluğun neytrallaşdırılması üçün heç bir kənar tədbir görülməyib.

Elçin Əmirbəyov xatırladıb ki, bir çox azərbaycanlının həyatı cinayətkar rejim tərəfindən təhlükə altına atılıb, erməni terrorunun qurbanlarının sayı günü-gündən çoxalıb. 

“Ermənistan bütün bu müddət ərzində öz işğalçı qüvvələrinin torpaqlarımızda olmasını utanmadan inkar etməkdə davam edib və bununla da 2020-ci ilin noyabrında bütün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozub. Üstəlik, Ermənistan rəhbərliyi Azərbaycan ərazisində separatçı qurumun öz büdcəsindən maliyyələşdirilməsi faktını dəfələrlə açıq şəkildə etiraf edib. Ancaq bildiyiniz kimi, səbrin də bir sonu var. Azərbaycan artıq bir neçə dəfə öz təhlükəsizliyinə birbaşa təhlükə törədən qüvvələri aradan qaldırmaq və öz ərazisindəki bütün terrorçu hərbi hədəfləri istisnasız olaraq məhv etmək barədə qərar verib”, – deyə Elçin Əmirbəyov öz müsahibələrində vurğulayıb.

Elçin Əmirbəyovun sözlərinə görə, görülən tədbirlərin məqsədi həm də hərbi birləşmələrin tərk-silah edilməsi və onların Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılmasından ibarətdir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, Azərbaycan həyata keçirdiyi antiterror tədbirlərinin ilk günlərindən bəyan edib ki, bu tədbirlər taleyin hökmü ilə Xankəndidə yerləşən hərbi xuntanın girovuna çevrilmiş dinc mülki erməni əhalisinə qarşı yönəlməyib və onlar heç bir halda Azərbaycan Silahlı Qüvvələrinin hədəfində ola bilməzlər.

Elçin Əmirbəyov qeyd edib ki, yuxarıda göstərilən bütün addımlar həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına imkan verəcək və Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əhalisi arasında dialoqun qurulması üçün əlverişli şərait yaradacaq. Bununla da Qarabağdakı erməniəsilli əhalinin Azərbaycanın hüquqi məkanına dinc yolla reinteqrasiyası təmin olunacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir