Ceyhun Bayramovla Lixtenşteynin xarici işlər naziri görüşüb – FOTO

Siyasət


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcudluğundan bəhs edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının münasibətlərin inkişafında mühüm rol oynaya biləcəyini qeyd edib.

C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, mövcud çağırışlar və təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ölkəmiz tərəfindən Qarabağ bölgəsində işğal dövrünün qalıqları olan və beynəlxalq hüquq, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinə qarşı aparılan antiterror tədbirlərinin uğurla yekunlaşdığı diqqətə çatdırılıb. Sözügedən antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğu bildirilib.

Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında səsləndirilən əsasız iddialar, o cümlədən bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı yalan fikirlərin əksinə, ölkəmizin hər zaman bütün Azərbaycanda yaşayan sakinlər kimi erməni sakinlərin də hüquq və təhlükəsizliyini qorumaq əzmində olduğu bildirilib və bu xüsusda, görülən antiterror tədbirlərinin nəticələrinin faydalı olacağına dair inam ifadə edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir