XİN başçısı: “30 illik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib”

Siyasət


“Otuz ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.

“Ölkəmiz qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib.

Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkilmək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu.

Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi”, – C.Bayramov vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir