Nazir: “Azərbaycan qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edir”

Siyasət


“Azərbaycan hökuməti “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edib”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.

“Dünya, sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir. İqlim dəyişikliyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu çağırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsur və yekdil tədbirlər tələb edir. Hazırkı beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır.

Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də İslamofobiya və nifrət nitqinin həyəcan verici dalğası narahatedicidir. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır.

Artan çağırışlar fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir”, – nazir qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir