Dünyadakı ikili standartlar, dini və milli zəmində qütbləşmə kəskinləşməkdə davam edir. Təəssüf ki, bəşəriyyət üçün təhlükəli olan bu prosesdə Avropa İttifaqı hərəkətverici qüvvəyə çevrilib. Beynəlxalq səviyyədə baş verən proseslərə qərəzli yanaşma aydın şəkildə göstərir ki, Avropa İttifaqı adlı qurum əslində “Xristian İttifaqı” olaraq mövcuddur və hadisələrə xristian təəssübkeşliyi psixologiyası əsasında yanaşma sərgilənir.
Bütün bu ayrı-seçkilik artıq BMT Təhlükəsizlik Şurasına və Avropa İttifaqının ali qurumlarına da ayaq açıb. Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti əsasında bu qurumda keçirilən son müzakirələr zamanı Almaniya və Fransa nümayəndələrinin çıxışlarında rast gəlinən qərəz və nifrət dolu ifadələr Xankəndidəki erməni toplumunun Azərbaycana reinteqrasiya prosesinə əngəl olmaq üçün hesablanmış anlayışlardır.
Onu da qeyd etməliyik ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Avropa ittifaqı adından yaymaq istədiyi qərəzli bəyanat məhz Macarıstanın etirazı əsasında baş tutmayıb. Onun son hadisələrlə bağlı açıqlaması reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvat məzmundadır.
Ermənistanın Baş naziri ölkəsindəki ictimai-siyasi gərginliyə baxmayaraq, həqiqəti ifadə edərək bəyan edib ki, Qarabağdakı ermənilər üçün həyati təhlükə yoxdur. Belə olan halda həm Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasında çıxış edən nümayəndələri, həm də cənab Jozep Borrelin qərəzli və riyakar çıxışlarının əsl mahiyyətini anlamaq o qədər də çətin deyil.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.RIA24.az