Antiterror tədbirlərindən sonra radiKALların içi, çölü dağılır – ŞƏRH

Siyasət


Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin regional və geosiyasi nəticələri ölkə daxilindəki radiKAL müxalifəti (özləri də bu ifadədən həzz alırlar) cin atına mindirir. 

1980-ci illərin sonlarında, SSRİ imperiyasının qürubu ərəfəsində və ondan sonra siyasi səhnədə səslənən meydan mahnılarını repertuarlarından çıxarmayan müxalifət ləkə qoymağa davam edir.

Yox, meydan hərəkatının Azərbaycanın müstəqillik qazanmasındakı əvəzsiz rollardan biri kimi ifası danılmazdır, hərçənd ki, onsuz da, SSRİ-nin Qərb qarşısındakı strateji acizlikləri fonunda onun sonu yaxınlaşırdı.

Bu zaman hərəkatlar qlobal və regiondakı ictimai-siyasi zərurətlərdən yaranırdı, meydan hadisələrinin liderlik səviyyəsindəki iştirakçılığını isə iki kateqoriya üzrə təsnifatlandırmaq olardı.

Birincisi, Azərbaycanı irəliyə aparacaq, praqmatik ideya və təkliflərlə gələcək müstəqilliyin cövhərinə möhkəm xarakter verən qruplar.

İkincisi, hər kəsi xain çıxaran, başqasının damarında erməni qanı axtaran, fəaliyyətlərində daha çox qışqırıq, şivənlik, pafosa yer verən, ara qarışanda meydanlarda tapılmayan, lakin bütün bunlara rəğmən, özlərindən qəhrəman obraz yaradıb onu yaddaşlara zorən həkk etmək istəyənlər.

Bilmirik ki, bu buxov ikincilərin boynuna haradan atılmışdı, ancaq var idi, özü də təzadlar zənciri kimi siyasi vücudlarından asılmışdı.

Adi bir misal, vaxtilə indi də Azərbaycana qarşı erməni təbliğatının dili ilə danışan xanımın (adını çəkmirik) liberal mövqeyinə görə onun damarında erməni qanı tapmışdılar.

Sonradan çərxi-fələk elə döndü ki, həmin qüvvələr hakimiyyət kürsüsünü çevrilişlə (məhz çevriliş) ələ keçirib həmin qadını Müdafiə Nazirliyində vəzifəyə təyin etdilər.

Nə erməni qanı yadlarına düşdü, nə də həmin xanıma qarşı apardıqları çirkin kampaniya, hə, iş daha sonralar o yerə çatdı ki, artıq hakimiyyətdən gedib müxalifət statusu qazanıldı və həmin qadın yenə insan hüquqlarının ali müdafiəçisi qisminə mindirildi.

Daha çox faktları dilə gətirmək olardı, yalnız bu məsələ bir şəxsin iradəsinin nəticələri deyil, ümumilikdə proseslərin təzahürüdür.

O vaxtlar siyasi bətnə atılan toxumlardan meydana çıxan qüvvələrin bugünkü fəaliyyəti də elə fərqli çalara malik deyil – sərf edəndə erməni qanı axtarmaq, kara gələndə erməni propaqandasının diktəsi ilə danışmaq. Bu bircə yekuna aparır – nəticə olaraq erməni təbliğatının aləti kimi ortada qalmağa.

Olduqca, bərbad və acınacaqlı mənzərədir, yəni necə ola bilər ki, Azərbaycan dövlətinin qazandığı Qələbəni həzmə verə bilməyəsən?! Onların seçdikləri ifadələr və epitetlərə aldanmayın, həmin frazalar yalnız öz əsl niyyətlərinin üstünə örtülmüş pərdədir.

Onların Qələbə ilə bağlı “sevinc”lərinin ömrü uzağı bir gündür, daha sonra isə Azərbaycanın Ermənistan, separatizm üzərində çaldığı Zəfərə qarşı müxtəlif adlar altında kampaniya başladılır və bu siyasi obrazlar icraçıya çevrilirlər.

Bunlar bilirsiniz kimlərdir? Özlərindən büt düzəldənlər, keçmişdəki həmin qışqırıq irsini davam etdirənlər, real nəticələrlə barışmağı bacarmayan, utopiya ilə yaşayan çevrələr.

Əmin olmaq olur ki, onları nə şəhid, nə ərazi bütövlüyü, nə dövlətin suverenliyi və müstəqilliyi maraqlandırır. Onları yalnız bir şey düşündürür: Necə edək ki, dövlətin əldə etdiyi strateji nəticələr haqqında manipulyasiyalara yol verək və təlimat aldığımız dairələr bizdən incik düşməsinlər?

Hələ də “ura”, “yaşasın”, “rədd olsun” şüarları, səslənən məntiqsiz fikirlərə və bəyanatlara görə bəy havasına girib özlərini Azərbaycan siyasətinin bəyi hesab etmək yarımçıqlıq kompleksinin nemətidir.

Şəhidlərimiz var, düzdür, kədərlənirik, amma bunun nəticəsində Qələbə var, sevinməliyik.

Şəhidlərin ictimai düşüncədəkindən fərqli olaraq çox olmasının səbəbləri isə bir neçə amillə əlaqəlidir.

Birincisi, antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərin çətin və mürəkkəb relyef quruluşu – xüsusən Ağdərə istiqaməti.

İkincisi, separatçıların formalaşdırmaq istədikləri cəbhə xəttinə həddindən artıq mina basdırılması, istehkamlar qurması.

Üçüncüsü, antiterror tədbirlərinin miqyasının genişliyi – yəni bu, xüsusi olaraq bir kənd və ya şəhər üzrə yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi geniş zolaq boyu aparılıb.

Hamımızın arzusu bu idi ki, Azərbaycanın itkisi olmadan yekunlaşsın, ancaq reallıqlar bəzən fərqli nəticələr hasil edir axı!

Bəylər, indi “Şuşa getsə, başıma güllə çaxaram”, “filan şey olsa, tərki-dünya olaram”, “nəsə olsa, adımı dəyişərəm” tipində fikir və mülahizələrin vaxtı deyil, bunlar pis nümunələr olsa da, keçmişdə qaldı, ləkəli keçmişdə.

İndi nəticələr elə şəkildə dəyişib ki, artıq köhnə bayatılar işə yaramır, siyasi səhnədə qədimi şüarlarla yaşamaq, saxta sosial şəbəkə hesabları açaraq ağlına gələni paylaşmaqla qalmaq çətindir.

Hərçənd, sizin üçün məqbuldur, elə özünüzü qalın materialdan hazırlanmış kəfənə bükürsünüz, siyasi səhnədə dəfn olunursunuz. Aldığınız tezislərlə, təlimatlarla özünüzə qarşı ictimai nifrətə layiq atmosferi yaradırsınız, tənqidi belə, qəbul etmirsiniz, o dəqiqə söyüşlər, təhqirlər havada vıyıldayır.

Sizə belə mühit lazımdır, bilirsiniz ki, artıq siyasi hakimiyyətə gəlməyiniz üçün nə sosial bazanız, nə seçici elektoratınız mövcuddur, nə də ictimai mövqedəki özünüzə qarşı yaratdığınız nifrət iqtidara gedən yolunuzu açır.

Heç olmasa, abıra qısılmaq kimi bir davranış var, boynunuzu döndərin, gözlərinizi çevirib bir keçmişə baxın, ən azından görün ki, indi özünüzün sələfləri münaqişədə hansı irsi qoyub getdilər? İndi o irs təmizlənir, buna görə, yəni ləkəli mirasınızın, günahlarınızın yuyulmasına görə Azərbaycan dövlətinin yürütdüyü siyasətə cüzi də olsa minnətdarlıq hissini ifadə etməlisiniz.

Sizin ictimai sifətinizi, riyakarlığınızı politoloq Zərdüşt Əlizadə “İkinci respublikanın sonu” analitik kitabında çox dərindən təhlil edib, bu gün üçün səsləşən xarakterinizin keçmişdən içilən bulaqlarla mütənasibliyini qurub.

Bilirik, bəzi bəylərin ürəkləri dözmür, çünki Azərbaycan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində və Əsgəran qəsəbəsində öz suveren hüquqlarını bərpa edir. Hələ yetişməyiblər, kaldırlar, elə kal-kal da içlərinə qurd düşüb, olublar radiKAL.

Ürək dözmür, sinir sistemi dağılır, çıxışlarda sifətlərinə hikkə və qəzəb qondururlar, siyasi olaraq içləri, şəxsi olaraq vücudları bu proseslərlə dağılıb gedir. Beləcə, özünə radikal müxalifət deyənlər siyasi səhnədən silinirlıər – bu, tamamilə dərin psixoloji-siyasi aspektləri özündə cəmləşdirəcək analitik məqalənin predmetidir…

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir