ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvana səfər edərək baş nazir Nikol Paşinyanla görüşüb.
Samanta Pauer Paşinyanla görüşdə ölkəsinin Ermənistanın ərazi bütövlüyünə və demokratiyanın (?) möhkəmlənməsinə dərin sadiqliyini vurğulayıb. O, bunu ABŞ Prezidenti Co Baydenin qarşıya qoyduğu məqsəd kimi çatdırıb.
USAID rəhbəri mövqeyini Azərbaycana qarşı hədyanlar səsləndirməklə davam etdirib. O, Qarabağda baş verən hadisələri, yəni erməni əhalinin Azərbaycan ərazilərini tərk etməsini humanitar böhran kimi qələmə verib.
Burada deyərlər ki, get öz işinlə məşğul ol! Nə böhran? Bu qədər korluq olmaz axı! Azərbaycan keçirdiyi antiterror tədbirlərində nə mülki əhalini, nə də mülki infrastrukturu hədəfə aldı. Hələ öz ərazilərindəki ermənilərə humanitar yardımlar da çatdırır.
Korluğun fiziki və mənəvi fazası var. ABŞ öz korluğunun mənəvi tərəflərini nümayiş etdirir.
Ardınca Pauer deyir ki, ABŞ həm Ermənistanla, həm də Azərbaycanla davamlı sülhün bərqərar olması üçün işləməyə davam edəcək.
Xanım Pauer, sülhə töhfə üçün ən azından neytral mövqedə qalmalısan! Sənin ölkən erməni təbliğatının aşkar fanatıdırsa və onu dilə gətirirsə, sülhə necə sadiq ola bilər?
Yox, bunun adı riyakarlıqdır. Başqa ad bilən varsa, desin. ABŞ öz bəyanatları ilə bunu göstərir. USAID-sən, get fəaliyyət və funksiyan nədirsə, onunla məşğul ol. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi sənin nəyinə lazımdır?
ABŞ regionda missiyasını genişləndirməyi tarazlığı qorumaqla həyata keçirə bilər. Yoxsa erməni təbliğatını yaymaq, Ermənistanın işğalçılıq siyasətindən danışmamaq, regionda separatçılıq əleyhinə bəyanatlar verməməklə nəyəsə nail olan deyil.
Görün Pauerin Paşinyana təqdim etdiyi Baydenin məktubunda nə deyilir:
“Sizi (Ermənistanı) Müstəqillik Günü münasibətilə təbrik edirəm, Ermənistan xalqına ən xoş arzularımı çatdırıram. Bu qürurverici hadisəni qeyd edərkən Qarabağda etnik ermənilərin ölümünə də yas tuturuq”.
Cənab Bayden, Ağ Ev, Dövlət Departamenti yas tutmağında olsun. Onlar zorakılığın, işğalçılığın, separatizmin məhvinə yas saxlayırlar. Kim olduqları görünür, maskaları yırtılır.
Qarabağda mülki ermənilər Azərbaycanın himayəsi altındadırlar, yox, kimsə razı deyilsə, ölkəni tərk etmək istəyirsə, onlar üçün dəhliz də açılıb.
Bəs Birinci Qarabağ müharibəsində Ermənistan qadın, qoca, uşaq nəzərə almışdımı?! Əliyalın insanlara qarşı divan tutmamışdımı?! Siz, Amerika Birləşmiş Ştatları, buna yas saxlamışdınız?! Yox, bir balaca utanc hissi olsa, məsuliyyəti dərk edərdiniz.
Azərbaycan isə bütün olanlara rəğmən, mülki ermənilərə əl qaldırmır, onların humanitar ehtiyaclarını ödəmək üçün nə lazımdırsa edir və edəcək.
Aqil Vəlili
www.RIA24.az