Xocalıdakı görüşün izləri – TƏHLİL

Siyasət


2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirildi.

Cəmi dörd gün ara ilə (sentyabrın 21-də Yevlaxda görüş keçirilmişdi) təmasların baş tutması Azərbaycanın Qarabağ iqtisadi rayonunda suverenliyini bərpa etmək intensivliyini qeyd etməyə imkan verir.

Qarabağda yaşamağı seçən ermənilərin Azərbaycan ictimai-siyasi həyatına reinteqrasiya prosesi rəsmi Bakının region üzrə prioritetlərindəndir.

Bu mənada Xocalıda baş tutan görüşdə:

– Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya, Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifinin vurğulanması,

– Vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunun qeyd edilməsi diqqətəlayiqdir.

Xocalıdakı görüş və onun davamının digər şəhərlər üzrə gətirilməsi Azərbaycanın təzyiqləri ilə yaranan normallaşma prosesinin konturlarını cızır.

Əgər Qarabağdakı ermənilərin nümayəndələri hər şeyi razılıq üzrə icra etsələr, Azərbaycan mərkəzi hakimiyyətinin təklif edə biləcəyi daha geniş praqmatik təkliflər üzlərinə açılacaq.

Təbii ki, Azərbaycan dövlətinin tələb və şərtlərinə tabe olmayanda diqqətçəkən istisnalar meydana çıxa bilər.

Qarabağ ermənilərini təmsil edənlər qarşısında indiki mərhələ üçün icra etməli olduqları vəzifələr qoyulur.

Birincisi, onlar Azərbaycanın güc strukturlarına Qarabağda yaşayan ermənilərdən silahların müsadirə edilməsinə yardımçı olmalıdırlar.

İkincisi, Qarabağda qalmağa üstünlük verən ermənilərin Azərbaycanın həyatına inteqrasiyası üçün faydalı kanallar fikirləşməlidirlər – Bakının şərtləri əsasında.

Geniş mənada Azərbaycanın keyfiyyətli strateji üstünlükləri fonunda diqqət yetirə biləcəyimiz tezislər aşağıdakılardır:

– Ermənistan, onun havadarı Fransa oyundan kənarda qalırlar;

– Ermənistanın daxilindəki çaxnaşmalar daha təhlükəli fazaya qalxa bilər;

– ABŞ-nin yeni reallıqların nəticələrində Azərbaycanla əməkdaşlıqda fərqli formatlar axtarması mümkündür (üzdə olan bəyanatlara baxmayaraq);

– İran Azərbaycanla əlaqələrdə ritorikasını nisbi dəyişikliyə məruz qoyur;

– Türkiyənin Azərbaycana strateji dəstəyi davam edir;

– Azərbaycan-Rusiya əlaqələrində keyfiyyətcə yeni müsbət dinamika nəzərə çarpır.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir