“Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-ni Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Xalqımız heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacaracaq”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O vurğulayıb ki, Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür:
“Qarabağ Xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu tarixi şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşiliklə dağıdılıb”.
Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad edib:
“Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışını yaxşı xatırlayır. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğulamışdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli, Şuşa artıq azaddır. Bu çıxışda xüsusi diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin ata vəsiyyətinin yerinə yetirilməsi ilə bağlı qeyd etdiyi fikirlər idi”.
C.Məmmədov vurğulayıb ki, bu il Azərbaycan xalqı mayın 8-ni artıq Şuşanın işğal günü kimi qeyd etmir:
“Bu gün Azərbaycan xalqı özünü çox xoşbəxt hiss edir. Artıq Şuşa bizimdir və əbədi olaraq da bizim olacaq. Əgər Ermənistan yenidən təxribat törətməyə çalışsa, dəmir yumruq işə düşəcək və bunun qarşısı qətiyyətlə alınacaq. Artıq Azərbaycan Şuşada inşa, təmir və bərpa işlərinə başlayıb. Qısa müddətdə bu işlər uğurla həyata keçiriləcək və azad Şuşa dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək. Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Azərbaycan xalqı bu qələbəyə Prezident İlham Əliyevin qətiyyətli iradəsi, həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasəti nəticəsində nail olub. Qarabağ Azərbaycandır və tezliklə bütün azərbaycanlılar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar”.